Press "Enter" to skip to content

İtaliya mətbuatında Azərbaycanın 300 gün ərzində atdığı addımlar barədə

Son yeniləmə: 14 Sentyabr 2021 16:00

Bayraqdar.info – İtaliyanın “Notizie Geopolitiche” analitik portalında “Azərbaycan. Üçtərəfli bəyanatdan 300 gün sonra Qarabağda bərpa işləri” sərlövhəli məqalə dərc olunub. Ölkəmizin İtaliyadakı səfirliyindən bayraqdar.info-ya verilən məlumata görə, məqalənin müəllifi Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariush Rahiminiadır.

Bildirilir ki, məqalədə müəllif Qarabağ bölgəsinin 90-cı illərdə Ermənistanın Azərbaycana qarşı hərbi
işğalı nəticəsində başlanmış və 2020-ci ilin 9 noyabr tarixində Azərbaycan ordusunun azad etməsi ilə yekunlaşmış münaqişə ilə tanındığını qeyd edib. O, imzalanmış üçtərəfli bəyanatın hərbi əməliyyatların dayandırılmasına gətirib çıxardığını və nəticədə bütün azad edilmiş ərazilərin Azərbaycan tərəfindən başladılmış sürətli və məhsuldar bir yenidənqurma yoluna qədəm qoyduğunu bildirir.

Qeyd edilir ki, Azərbaycan bu ərazilərdə bərpa, yenidənqurma və müharibədən sonrakı reinteqrasiya mərhələsinə başlayıb və bir milyon azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtması üçün əsas şərt sülh, minalardan təmizlənmə və bərpa quruculuq işləridir. Bu xüsusda, ötən 300 gün ərzində atılmış mühüm addımlardan təffərrüatlı şəkildə bəhs edilir: “Müəllif ilk olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrində 15 min hektardan çox ərazinin minalardan təmizləndiyini, üçtərəfli bəyanatın imzalanmasından sonra 160-a yaxın azərbaycanlı mülki şəxsin işğal dövründə Ermənistan işğalçı qüvvələri tərəfindən basdırılmış minaların partlaması səbəbindən yaralandığını yaxud həlak olduğunu və hərbi əməliyyatların başa çatmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etdiyini diqqətə çatdırır.

Digər mühüm addım kimi 2021-ci ilin 5 sentyabr tarixində işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində tikilmiş birinci hava limanı olan Füzuli beynəlxalq hava limanı göstərilir. Daha doğrusu müəllif bu hava limanına Bakıdan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsinin eniş etdiyini bildirir. Müəllif həmin gündə, eyni zamanda “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisinin də Füzuli hava limanına eniş etdiyini və bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklərin çatdırıldığını vurğulayır. Laçın və Zəngilanda da hava limanlarının inşa edildiyini deyən müəllif bununla “Azərbaycan Hava Yolları”nın Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurmaq istəyən məcburi köçkünlər üçün yeni iş yerləri təklif edən ilk şirkətlərdən olduğunu qeyd edir.

İşğaldan azad edilmiş ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrə diqqət çəkən müəllif bu istiqamətdə işlərin intensiv şəkildə davam etdiyini bildirir. O, üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi bölgəni iqtisadi cəhətdən inteqrasiya etmək və xarici ölkələrlə və Azərbaycanın digər şəhərləri və bölgələri, o cümlədən Naxçıvan ilə təmasları və ticarəti asanlaşdırmaq üçün kompleks bir dəmir yolu şəbəkəsinin qurulmaqda olduğunu vurğulayır.

Aparılan işlərin fonunda Azərbaycanın qısa müddət ərzində ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək və bütün dünya ilə iqtisadi və mədəni mübadilələr üçün üfüqləri daha da genişləndirəcək böyük nəticələr əldə etdiyini bildirən müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırır: “Ermənistanın işğalı ilə 30 il ərzində ağrı yaşayan, viran olunan və sistematik məhv edilən torpaqlarda onların azad edilməsindən keçən cəmi 300 gün ərzində həyatın bərpası ilə bağlı Azərbaycanın əldə etdiyi mühüm nəticələr bu ərazilərin Azərbaycana məxsusluğunun bariz nümunəsidir”.

Məqalə ilə keçiddən tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.