Press "Enter" to skip to content

İran hələ də mövcud reallıqları qəbul etməkdə zorluq çəkir

Vüqar İskəndərov

Son yeniləmə: 12 Sentyabr 2021 21:46

Bayraqdar.info – “Topraqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəl olduğu kimi, postmüharibə dövründə də qeydə alınan faktlar İranın Azərbaycana qarşı qeyri-səmimi siyasət həyata keçirdiyini deməyə əsas verir.”

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, İran tərəfinin işğala və işğalçılıq siyasətinə, o cümlədən revanşist, separatçı əhval-ruhiyyədə olan tərəfə dəstəyi mehriban qonşuluq prinsiplərinə ziddir: “Düzü cənub qonşumuzun Azərbaycan torpaqlarının işğaldan azad olunması və regiona sabitlik gəlməsi faktından bu dərəcədə narahat olması haqlı suallar doğurur. Xüsusilə də bu məqamda işğal dövründə İran şirkətlərinin Şuşada Gövhər Ağa məscidinin qanunsuz təmiri və onu Azərbaycan məscidindən İran məscidinə çevirmək cəhdlərini xatırlatmaq yerinə düşər. Yəni, bir zamanlar Azərbaycan buna etiraz edəndə rəsmi Tehran and-aman edirdi ki, belə şey yoxdur. Amma hazırda cənub qonşumuzun işğalçılığı, separatçılığı təşviq etməyə yönəlik qanunsuz yükdaşıma əməliyyatları hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur”.

“Bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə etmişdi. Məlum olmuşdu ki, 11 iyul – 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirib. Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılmış və Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi. Həmin müddətdən bir ay vaxt keçməsinə baxmayaraq, rəsmi Bakının etirazlarının cavabsız qaldığı üzə çıxıb. Son günlər əldə edilən görüntülərə əsasən, İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmasının davam etdiyi məlum olur. Belə ki, avqustun 11-dən sentyabrın 10-dək Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib”, – deyən deputat əlavə edib ki, lakin bu da son deyil.

Belə ki, yayılan məlumatlara əsasən iranlılar və ermənilər müxtəlif hiylələrə əl atırlar. Onlar rusiyalı sülhməramlıların yerləşdirildiyi zonalara çatdıqdan sonra İran maşınlarına erməni qeydiyyat nömrələri yerləşdirirlər. Bununla bağlı, təkzibolunmaz faktlar, fotogörüntülər mövcuddur. Qeyd etmək lazımdır ki, İrandan Qarabağa qanunsuz daşımalar rəsmi Bakının dəfələrlə müasir videomüşahidə sistemlərinə malik olması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, həyata keçirilib.

V.İskəndərov onu da deyib ki, 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan regionda yeni reallıqlar yaradıb: “Bu gün regionun sabitliyində və inkişafında maraqlı olan ölkələr, o cümlədən İran da bu reallığı qəbul edib, praqmatik addımlar atmalıdır. Lakin görünən odur ki, İran hələ də mövcud reallıqları qəbul etməkdə zorluq çəkir”.

Mission News Theme by Compete Themes.