Press "Enter" to skip to content

ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir

Leyla Abdullayeva

Bayraqdar.info – “ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.”

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, “ABŞ-ın Ermənistandakı səfirinin “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir” sözlərinə münasibət bildirən L.Abdullayeva daha sonra bildirib: “10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir”.

Mission News Theme by Compete Themes.