Bayraqdar.info – Məlum olduğu kimi avqustun 23-dən etibarən Bakıdakı DOST Mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyət gösətirir. Ötən dövrdə bu mərkəzlərə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 500-dək şəxs müraciət edib.
Bu barədə bayraqdar.info-ya sentyabrın 11-də Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyindən məlumat verilib.
O da qeyd edilib ki, Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb: “Məqsəd şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələr üzrə 7 quruma aid 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsidir. Ötən dövrdə mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 61, Müdafiə Nazirliyi üzrə 265, Səhiyyə Nazirliyi üzrə 16, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 33, yerli icra hakimiyyəti orqanları üzrə 38, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 13 və Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 70 müraciət. Aidiyyəti qurumların nümayəndələri tərəfindən müraciətlər qəbul edilərək, əlaqələndirilmiş şəkildə baxılmaqla operativ qaydada xidmətlər göstərilib”.