Son yeniləmə: 10 Sentyabr 2021 16:39
Bayraqdar.info – Sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan sentyabrın 10-da bayraqdar.info-ya daxil olan məlumat bu sözlərlə başlayır.
Məlumat verilir ki, “Azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
“Belə ki, M.Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə «azadinfo.az» xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib. Ramiz Göyüşov görüşə gəlmədikdə elə həmin gün onu qəsdən hörmətdən salan rüsvayedici videoçarxı rəhbərlik etdiyi xəbər portalında qəsdən yayıb. Həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb”, – deyə məlumatda qeyd edilir.
Daha sonra Baş Prokurorluq bildirir ki, qeyd edilənlərlə bağlı 9 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.
“10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə o, təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
“Baş Prokurorluq xəbərdarlıq edərək, KİV və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir.
“Habelə, bu qəbildən olan qanuna zidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir”, – deyə məlumatda vurğulanır.