Press "Enter" to skip to content

Sərhəd pozucusu saxlanılıb

Bayraqdar.info – Sentyabrın 10-da Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatı yayılıb.

Məlumatda bildirilir ki, sentyabrın 8-də saat 00:57 radələrində DSX-nın Sərhəd Qoşunlarının Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı “Horadiz” sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində 3 nəfər naməlum şəxsin sərhədi pozması sərhədçilər tərəfindən müşahidə olunub.

“Sərhəd naryadının “Dayan” komandasına və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə qanuna uyğun olaraq silah tətbiq edilib.

“Sərhəd pozucularından 1-i yaralanıb, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olub.

“Qolundan yüngül yaralanan sərhəd pozucusu Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona zəruri tibbi yardım göstərilib. Araşdırma zamanı saxlanılan şəxs özünü İİR vətəndaşı 1981-ci il təvəllüdlü Zəmani Mirəsgər Mirağa kimi təqdim edib. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kq 770 q narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

“Baş vermiş hadisə barədə İran tərəfi məlumatlandırılıb.

“Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi istiqamətdə dövlət sərhəd xətti boyu ərazi qapadılıb.

“Faktla bağlı Füzuli Hərbi Prokurorluğunda CM-nin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

“Hazırda prokurorluq və DSX əməkdaşları ilə birgə intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – deyə birgə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.