Press "Enter" to skip to content

Prezident “Kəlbəcər” neftdaşıyan tankerinin istismara verilməsi mərasimində

Bayraqdar.info – Prezident İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda “Kəlbəcər” neftdaşıyan tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İ.Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.

Bu barədə sentyabrın 10-da Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident bir müddət əvvəl işğaldan azad edilən Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. İndi isə üçrəngli Azərbaycan bayrağı altında beynəlxalq sularda üzəcək “Kəlbəcər” neft tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bunun çox böyük rəmzi mənası var.

QSC-nin sədri Rauf Vəliyev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Dövlət başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

“Uzunluğu 141 m, eni 16.9 m. olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7 min 800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

“Yeni tanker Bakı Gəmiqayırma Zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir. Bu tip 4 tanker sifariş verilib ki, hazırda yerli mütəxəssislər tərəfindən ikisinin tikintisi davam etdirilir. Ümumilikdə, zavoda 10 yeni gəminin tikintisi ilə bağlı sifariş verilib ki, onların da artıq altısının, o cümlədən 1 yedək, 3 sərnişin, 1 Ro-Pax tipli gəmi-bərənin və 1 tankerin tikintisi başa çatdırılaraq istismara verilib. Hazırda daha 2 neft tankeri ilə yanaşı, Ro-Pax tipli bir gəmi-bərənin inşası davam etdirilir. Gəmilərin tikintisi əsasən Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.

“Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərinin, rayon və şəhərlərin adlarını daşıyır. Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.