Bayraqdar.info – “Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrə böyük önəm verilir. Azərbaycanın TDƏŞ-ə üzv ölkələr və Macarıstanla ticarət dövriyyəsinin həcmi 2,6 milyard dollar olmaqla ölkəmizin xarici ticarət dövriyyəsindəki payı təxminən 15 faiz təşkil edir. Təqdirəlayiq haldır ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2021-ci ilin yanvar-iyul aylarında Türk Şurasının üzv dövlətləri və Macarıstana qeyri-neft ixracı 75 faiz artıb.
İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bunu nazir Mikayıl Cabbarov deyib.
Qeyd edək ki, sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Tədbir iştirakçıları həmçinin, “Türk Şəhidliyi”ni ziyarət edib, abidə önünə əklil qoyublar. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan nümayəndələrinin iştirak etdiyi TDƏŞ dövlətlərinin iqtisadiyyat nazirlərinin 10-cu görüşünü açan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu iclasına ev sahibliyi etməsindən məmnunluğunu bildirib. Nazir, türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. M.Cabbarov milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Ölkələrarası iqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşən iqtisadiyyat naziri qlobal iqtisadiyyatın yenidən artım dönəminə keçməsi üçün beynəlxalq əməkdaşlığın, investisiyalar, bilik və texnologiya mübadiləsinin, ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə Türk Şurasına üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinə dair tədqiqat sənədinin, Azərbaycanın dəstəyi ilə “Türk Ticarət Evi”nin konsepsiyasının hazırlandığı, Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi, Türk İnvestisiya Fondunun yaradılması istiqamətində mühüm irəliləyişlər əldə olunduğu diqqətə çatdırılıb.
M.Cabbarov təşkilata üzv dövlətlərin qarşılıqlı investisiya yatırımı üçün böyük imkanlarının olduğunu və bu imkanlardan yararlanmağı, tranzit potensialını reallaşdırmağı təklif edib. Nazir həmçinin, TDƏŞ-ə üzv ölkələri Azərbaycanda yaradılan Ələt Azad İqtisadi Zonası, sənaye zonaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından faydalanmağa dəvət edib.
Tədbirdə Azərbaycan iqtisadiyyatı, 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər barədə məlumat verilib. Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd olunub. Bildirilib ki, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə potensialı əhəmiyyətli dərəcədə böyükdür və bu sahəyə özəl sərmayələrin cəlb edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində işlər görülür.
Türkiyə ilə iqtisadi əlaqələrə toxunan Mikayıl Cabbarov qardaş ölkə ilə imzalanan Preferensial Ticarət Sazişinin ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə və ölkələrimizdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcəyini qeyd edib.
TDƏŞ-in Baş katibi Bağdad Amreyev çıxışında bildirib ki, Türk Şurası ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir. Baş katib Bakıda keçirilən TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirilərinin görüşünün türkdilli ölkələr arasında tərəfdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.
Türkiyənin ticarət naziri Mehmet Muş, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirin birinci müavini Aziz Voitov, Qırğızıstanın İqtisadiyyat və maliyyə naziri Akylbek Zhaparov, Macarıstanın Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Staroi çıxışlarında türkdilli ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, “yaşıl iqtisadiyyat”, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlıq perspektivlərinə, təmsil etdikləri ölkələrin iqtisadiyyatına dair məlumat veriblər.
Görüşdə TDƏŞ-ə üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçiriləcək Zirvə toplantısının iqtisadi gündəliyi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsinə dair imkanların araşdırılması barədə müzakirələr aparılıb.
Tədbir çərçivəsində TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd təşkilat daxilində ümumi rəqəmsal platformanın yaradılmasına töhfə verəcək, zonaların strateji inkişafı üçün məlumatların mübadiləsi və məsləhətləşmələrin aparılması imkanlarını yaratmaqla, xarici investisiyaların cəlb edilməsi istiqamətində uğurlu iqtisadi model tətbiq etməyə şərait yaradacaq.
Sonra TDƏŞ ölkələri iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində türkdilli ölkələrdə aktiv fəaliyyət göstərmiş şirkətlərin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, ölkələrimiz arasında sahibkarlıq fəaliyyətinin təşviqi məqsədi daşıyan tədbir artıq 2-ci dəfədir ki, təşkil edilir.
SOCAR Türkiye Enerji A.Ş. (neft və qaz), “Cengiz İnşaat Sanayi ve Ticaret” A.Ş (tikinti), “Aktobe Rail and Section Works LLP” (dəmiryolu tikintisi üçün avadanlıqların istehsalı), “Sam-Antep-Gilam Ltd” (xalça və xalça məhsullarının istehsalı), “Artezian” MMC (təbii süfrə suyu və milli içkilər istehsalı) biznes mükafatı ilə təltif ediliblər.