Press "Enter" to skip to content

Müsahibədən uğurla keçənlərə DSMF-dən iş təklifi

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna işə qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi yekunlaşıb. Bununla bağlı müsahibə komissiyalarının birgə iclası keçirilib və yekun nəticələr müzakirə edilib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 10-da DSMF-dən məlumat verilib.

“Məlumat verildiyi kimi, test imtahanından uğurla keçib müsahibə mərhələsinə buraxılmış 381 namizədin (onlardan 10-u müxtəlif səbəblərdən müsahibədə iştirak etməyib) müvafiq vəzifələrə uyğunluğunun qiymətləndirilməsi 6 istiqamətin hər biri üzrə 7 nəfərdən ibarət komissiyalarda əyani qaydada (COVID xəstəsi olan 1 nəfərlə ZOOM üzərindən internet vasitəsilə) aparılıb. Müsahibə komissiyası üzvlərinin hər birinin verdiyi ən çox 7 balla (komissiya sədri tərəfindən 8 bal) qiymətləndirmə nəticəsində Fondun Bakı şəhərindəki struktur bölmələrində vakansiyaya çıxarılan vəzifələrin sayına müvafiq olaraq, keçid balları mümkün 50 bal əsasında aşağıdakı kimi müəyyən edilib:

• pensiya – 37 bal;
• sosial müavinətlər və təqaüdlər – 37 bal;
• ünvanlı dövlət sosial yardımı – 35 bal;
• sosial sığorta – 35 bal;
• yazılı müraciətlərin araşdırılması – 38 bal;
• maliyyə və mühasibatlıq- 30 bal”, – deyə məlumatda qeyd edilib.

O da vurğulanıb ki, artıq müsahibədə iştirak etmiş hər bir namizədə topladığı bal barədə sms-lə bildiriş göndərilib. Müsahibədən uğurla keçən namizədlərə Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələrində vakansiyaya çıxarılan vəzifələr üzrə iş təklif olunacaq.

Mission News Theme by Compete Themes.