Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na qoşulanların sayı artır

Bayraqdar.info – Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatına dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nun başlanmasından üç ay ötür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona ötən dövr ərzində artıq 497 işəgötürən qoşulub. Onlardan 261-i dövlət, 236-sı özəl müəssisələrdir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 10-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, həmin işəgötürənlər tərəfindən elektron sistemə 2349 vakansiya təqdim edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında işlə təmin olunanların sayı isə 659-a çatıb. Onlardan 542-si qazi, 117-si şəhid ailəsi üzvləridir.

Xatırladaq ki, “Məşğulluq marafonu” şəhid ailəsi üzvləri və qazilərin məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına şərait yaradır. Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları keçidə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.