Son yeniləmə: 8 Sentyabr 2021 19:51
Bayraqdar.info – Ölkəmizdə informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə peşə hazırlığı kurslarının təşkilinə başlanılır. Kurslar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin “Peşə öyrən, işsiz qalma!” devizi altında reallaşdırdığı “Peşəkar” layihəsi çərçivəsində keçirilir.
Bu barədə bayraqdar.info-ya sentyabrın 8-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, kurslar müasir əmək bazarının tələbləri nəzərə alınaraq aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq:
Kompüter üzrə operator-dizayner,
intellektual sistemlər,
İT mütəxəssis-proqram təminatçısı və inkişaf etdirəni,
Kompüterli modelləşdirmə və dizayner,
Paylanmış sistemlər və şəbəkələr, kompüterlərin təmiri və xidməti üzrə texnik,
backend, frontend və mobile developer,
şəbəkə administratoru və devops mühəndisi
kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı,
data analitik (big data analitikləri).
“Kurslarda peşəkar müəllim-pedaqoji heyət tərəfindən kompüter sistemləri, şəbəkələr, kibertəhlükəsizlik, süni intellekt, verilənlər bazası, ədədi analiz, proqramlaşdırma dilləri, proqram təminatı və sistemləri, proqram təminatı mühəndisliyi və hesablama nəzəriyyəsi ilə bağlı bilik və bacarıqlar tədris olunacaq. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcək”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, kursları uğurla bitirən şəxslərə Dövlət Agentliyi tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək. Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Məşğulluq filialına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.