Son yeniləmə: 8 Sentyabr 2021 20:11
Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bölgələrdə toxum sərgi-satış yarmarkalarının keçirilməsi davam edir. Yarmarkaların keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.
KTN-dən sentyabrın 8-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, növbəti toxum sərgi-satış yarmarkası Saatlı rayonunda keçirilib.
“Tədbirin açılış mərasimində çıxış edən nazir İnam Kərimov bildirib ki, Respublikanın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkaları toxumçuluğun inkişafına xidmət edir. Bundan əvvəl Şamaxı, Şəki və Ağcabədidə keçirilən yarmarkalara fermerlər böyük maraq göstəriblər. Bu yarmarkaların keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.
“Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Qeyd edilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
“Qeyd edək ki, Saatlıda keçirilən yarmarkada Saatlı, Sabirabad, Hacıqabul və digər rayonlarda toxumçuluqla məşğul olan 30-dan çox təsərrüfatda yetişdirilən sortların toxumu nümayiş olunub. Gün ərzində yarmarkaya taxılçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan 300-dək fermer qatılıb.
“Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumlarının, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin, Aqrar Sığorta Fondunun, Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər də iştirak ediblər.
“Növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 10-da Cəlilabadda keçiriləcək”, – deyə xəbərdə bildirilir.