Press "Enter" to skip to content

Goranboyda unikal hadisə

Son yeniləmə: 8 Sentyabr 2021 15:44

Bayraqdar.info – Deyirlər ki, qulaq gündə bir söz eşitməsə, kar olarmış. Sentyabrın 8-də Baş Prokurlurluğun açıqlamasını oxuyanda doğrudan şok oldum. Deməli, hadisə Goranboy rayonunda baş verib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Nabat Əliyeva peyvənd olunmayan şəxsləri peyvənd olunmuş kimi qeydə almaq üçün unikal bir variant tapıb. Onun “evrika”sının üstü elə öz həmyerliləri tərəfindən açılıb.

Vətəndaşlar Goranboy Rayon Prokurorluğuna müraciət edərək bildiriblər ki, tibb bacısı N.Əliyeva peyvəndlənmə üçün müraciət edən rayon sakininə peyvənd etmək məqsədilə peyvəndi şprisə doldurub. Tibb bacısı peyvəndi vurma görüntüsü formalaşdırılıb və həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınıb.
Bu hadisə iyunun 24-də baş verib.

Baş Prokurluğun açıqlamasında göstərilir ki, tibb bacısının “səyi” nəticəsində dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib.

N.Əliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Goranboy Rayon Məkməməsinin qərarı ilə Nabat Əliyevaya 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilib.

Bu məlumatda baş verən hadisənin hansı səbəbdən edildiyi göstərilməyib. Ona görə də istər-istəməz insanın beynindən min cür fikir gəlib keçir.

1. Baş verən bu hadisə dövlətin peyvəndləmə siyasətinə zərbə vurmaq məqsədilədirmi?
2. Peyvənd olunmuş kimi qeydiyyata alınan şəxslərdən pul almaq məqsədilədirmi?
3. Belə görüntü yaratmaq başqa poliklinikalarda da ola bilərmi?

Mənim subyektiv fikrimcə, tibb bacısı belə eləməklə maddi vəziyyətini düzəltmək eşqinə düşüb. Belə riskli hadisəni onun təkbaşına edəcəyinə də inanmıram. Çünki, vaksin otağında qeydiyyatçı, həkim və tibb bacıları olur. Ola bilməz ki, onlar bunu bilməsinlər.

Buradan belə çıxır ki, peyvəndləmə yerində kamera quraşdırılmalıdır ki, vaksinin şəxslərə vurulub -vurulmadığını dəqiq göstərsin.

Bu məsələ ilə də yəqin ki, TƏBİB, Səhiyyə Nazirliyi və Tibbi Sığorta üzrə Dövlət Agentliyi ciddi məşğul olmalıdır.

Mission News Theme by Compete Themes.