Press "Enter" to skip to content

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının qurultayı

Bayraqdar.info – Türkiyədə fəaliyyət göstərən 18 Azərbaycan dərnəyinin daxil olduğu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) V növbədənkənar qurultayı keçirilib. Kocaeli şəhərində keçirilən qurultay İkinci Qarabağ savaşı zamanı qəhrəmancasına şəhid olan vətən övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qurultayda TADF-in sədri Bilal Dündarın hesabat məruzəsi dinlənilib. Hesabatda təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verilib. Həmçinin, gerçəkləşdirilmiş layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə və dərinləşməsinə xidmət etdiyi bildirilib.

Qurultayda Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, TBMM-in Kocaeli millət vəkili İlyas Şeker, Kocaeli Böyükşəhər Bələdiyəsi sədrinin səlahiyyətli nümayəndəsi Yaşar Çakmak, Qazilər Dərnəyinin sədri Nurettin Sağlık, İzmit Bələdiyyəsinin nümayəndəsi Nurettin Bulut, “Turan” tekstil şirkətinin rəhbəri Ədalət Turan və Adana-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri, vəkil Yakup Bulut çıxış ediblər. Natiqlər federasiyanın ötən müddət ərzində gördüyü işləri yüksək qiymətləndiriblər. Bölgədə yaranmış yeni geosiyasi şərait fonunda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən TADF-in daha dinamik fəaliyyət sisteminə keçməsinin, anti-Azərbaycan və anti-Türkiyə qüvvələrinə qarşı hücum taktikasının qurulmasının, lobbiçilik istiqamətində böyük uğurlar qazanılmasının vacibliyi vurgulanıb.

İdarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvlüyünə irəli sürülən namizədlərin seçkisi qapalı səsvermə yolu ilə keçirilib. Nəticələrə əsasən, Ədalət Turan TADF-in İdarə Heyətinin sədri seçilib. Təşkilatın ofisinin Kocaelidən İstanbul şəhərinə köçürülməsi barədə qərar qəbul edilib.

Tədbir iştirakçıları təşkilatın yeni seçilmiş rəhbərinə və tərkibinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası 2006-cı ildə yaradılıb.

Mission News Theme by Compete Themes.