Bayraqdar.info – Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri sürətlə və keyfiyyətlə həyata keçirilərək başa çatdırılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən sentyabrın 7-də bayraqdar.info-ya bildirilib ki, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 kilometr olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
“Məlumata əsasən, texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
“Layihəyə uyğun olaraq, yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.
“Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların yeniləri ilə əvəz olunaraq zəruri yerlərdə inşa edilməsi layihə üzrə icra edilib. Həmçinin, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
“Layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılıb, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkilib.
“Yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşların birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır. Yük və sərnişin daşımasını asanlaşdırır və kənd təsərrüfatının inkişafına təkan verir”, – deyə xəbərdə bildirilir.