Press "Enter" to skip to content

Təhsil avtobusu Qarabağdan olan şagirdlər üçün yola düşüb

Bayraqdar.info – Sentyabrın 7-dən “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində Qarabağ bölgəsindən olan şagirdlər üçün “Təhsil avtobusu–Qayıdış” layihəsinə başlanıb.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaratmaqdır.

Bundan başqa, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

“Layihə çərçivəsində işğaldan azad olunan bölgələrdən olan (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə 192 şagirdi əhatə edəcək.

“Sentyabrın 14-dək davam edəcək layihə çərçivəsində göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri üçün Qarabağ mövzuları əsasında dərslər, peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya istiqamətində təlimlər və intellektual yarışlar keçiriləcək.

““Təhsil avtobusu–Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihənin əsas dəstəkçiləri H. Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”dır. Tərəfdaş təşkilatlar “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, “Vitam” Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Spatrix, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” Tələbə-Könüllü proqramı, Kids Inc., proqramı, SABAH qrupları, Edumap Təhsil portalıdır.

“Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Respublikanın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur”, – deyə məlumatda deyilir.

Həmçinin o da bildirilir ki, 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbi nəticəsində 8 min 500 km yol qət edilib. Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 750-dən çox şagird cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Mission News Theme by Compete Themes.