Son yeniləmə: 7 Sentyabr 2021 11:41
Bayraqdar.info – Göygöl rayon prokurorluğuna daxil olmuş müraciət əsasında “Göygöl Rayon Mərkəzi Xəstəxanası”nın Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə araşdırma aparılıb.
Bu barədə bayraqdar.info-ya sentyabrın 7-də Baş Prokurorluqdan xəbər verilib.
“Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyeva bir neçə şəxs üçün COVID-19 əleyhinə peyvənd olunmadıqları halda tibbi sənədlər tərtib edib. Onun həmin şəxslər haqqında məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr var.
“Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
“Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir”, – deyə xəbərdə bildirilir.