Press "Enter" to skip to content

İlham Məmmədov: Ən yaxşı inkişaf göstəriciləri qeyri-neft sənayesində qeyd alınır

Bayraqdar.info – “2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edilməsi ölkəmizin yeni inkişaf modelini formalaşdırıb. Bu modelin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, ölkəmizdə regionlar da iqtisadi güc mərkəzlərinə çevriliblər. Xüsusilə də bütün ölkə üzrə yüksək səviyyəli müasir infrastrukturun yaradılması istisnasız olaraq respublikanın əksər regionlarında iqtisadi fəallığın artmasını şərtləndirib.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Açıqlamasında ölkəmizdə güclü sənayeləşmə prosesinin getdiyini deyən deputat əlavə edib ki, son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeyd alınır. Onun sözlərinə görə, cari ilin arxada qalan dövrü ərzində qeyri-neft sənayesində təxminən 16 faiz artıma nail olunub ki, bu da Azərbaycanın məqsədyönlü siyasətinin nəticəsidir: “Qeyri-neft səneyisinin inkişafından danışarkən təbii ki, ölkəmizdə sənaye məhəllələri və parklarının yaradılmasını da xüsusi olaraq qeyd etməliyik. Bəlli olduğu kimi, ölkəmizdə sənaye parklarının yaradılması istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Onlardan biri də Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkıdır. Onu da deyim ki, dövlətimizin başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır”.

İlham Məmmədov vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib: “Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib. Prezident İlham Əliyevin sentyabrın 3-də Sumqayıta səfəri çərçivəsində açılışında iştirak etdiyi “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti Parkda fəaliyyətə başlayan 17-ci rezidentdir”.

Mission News Theme by Compete Themes.