Press "Enter" to skip to content

Fermerlərə subsidiyalar bu qaydada veriləcək

Bayraqdar.info – Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 7-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ASŞ-nın qərarına əsasən, subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları hər 2 hektara görə, torpaq sahələri 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçıları isə əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməlidirlər. Torpağın aqrokimyəvi analizinin nəticələrini əkin bəyanları müddətində EKTİS-ə daxil etməyən fermerlərə əkin subsidiyası ödənilməyəcək.

“İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:

alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
xurma və nar meyvələri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
limon, portağal, narıngi və feyxoa meyvələri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.

“Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib. Ənənəvi bağ kimi təsnifləndiriləcək belə bağların hər hektarına görə fermerə 250 manat əkin subsidiyası ödəniləcək”, – deyə məlumatda qeyd edilir.

Məlumatda o da bildirilir ki, ASŞ-nın qərarına əsasən meyvəçilik sahəsində 2022-ci ildə salınacaq aşağıdakı bağlara bir dəfəyə əkin subsidiyası ödəniləcək:

Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində salınacaq üzüm bağlarının hər hektarına görə 8 min manat birdəfəlik əkin subsidiyası veriləcək.

“Deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində 2022-ci ildə salınacaq intensiv nar və zeytun bağlarının hər hektarına müvafiq olaraq 5 min və 4 min 900 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4 min 400 manat birdəfəlik əkin subsidiyasının verilməsi qərara alınıb.

“2022-ci ildə salınacaq damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə fermerlərə 9 min manat birdəfəlik əkin subsidiyası veriləcək. Habelə, 2021-ci ildən başlayaraq, salınan qeyd edilən kivi bağlarına görə fermerlərə 640 manat, digər kivi bağlarının hər hektarına görə isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

“Çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.

“Fındıq üzrə əkin əmsalı Ağdaş, Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

“Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

“Limon, narıngi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur”, – deyə məlumatda yazılıb.

“Şuranın qərarına əsasən, pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcəkdir. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat) subsidiya alacaqlar.

“Virciniya sortu üzrə yaşıl tütünün hər tonuna görə 26 manat (əvvəl 5 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 180 manat (əvvəl 50 manat) və yaş tütünün hər tonuna görə 18 manat (əvvəl 5 manat), şəkər çuğundurunun hər tonuna görə 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar.

“Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir. Digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.

“Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir. Digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.

“Aqrar Subsidiya Şurası 2022-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları barədə də qərar qəbul edib.
“Fermerlər qərarın mətni ilə Aqrar Kredit Və İnkişaf Agentliyinin rəsmi saytında tanış ola bilərlər.” Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.