Press "Enter" to skip to content

Ceyhun Bayramov Qətər nümayəndə heyətini qəbul edib

Bayraqdar.info – Azərbaycanla Qətər arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və dialoq mövcuddur. Bunu xarici işlər naziri Ceyhun Bayramov, Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, sentyabrın 7-də keçirilən qəbulda C.Bayramov iki ölkəni birləşdirən dərin mədəni, dini əlaqələrdən bəhs edib. Nazir, tərəflər arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Həmçinin, ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcud olduğu bildirilib.

Dövlət naziri Sultan bin Saad Al-Mureyxi səmimi qəbula görə təşəkkürünü bildirib. O, Qətər Dövlətinin xarici işlər naziri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. Qonaq iki ölkə Xarici İşlər Nazirlikləri arasında həyata keçirilən məsləhətləşmələrin Bakıda kecirilən növbəti mərhələsi çərçivəsində əməkdaşlıq gündəliyinin bir sira məsələləri üzrə ətraflı müzakirələrin aparıldığını söyləyib.

C.Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Nazir, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi davamlı dəstəyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində illik əsasda ölkəmizlə bağlı qəbul edilən qətnamələri birmənalı şəkildə dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü ifadə edib. C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğu və bu mövqeyimizin dövlət rəhbəri tərəfindən səsləndirildiyi qeyd edilib.

Görüş zamanı Qətər Dövlətinin rəsmisinə, həmçinin Ələt Azad İqtisadi Zonası haqqında məlumat verilib, Qətər şirkətlərinin buraya cəlb olunması imkanları qeyd edilib. Habelə hər iki ölkənin XİN-ləri arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti səsləndirilib.

Qətərin dövlət naziri Azərbaycanın qonşu dövlətlə münasibətlərin normallaşdırılması və sülhün təmin olunmasına dair mövqeyinin təqdir edildiyini ifadə edib. O, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi çərçivəsində layihələrin icrasına Qətər şirkətlərinin də cəlb edilməsində maraqlı olduqlarını bildirib.

İnformasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi qeyd olunub.

Mission News Theme by Compete Themes.