Press "Enter" to skip to content

“Alo Karyera” dəstək xidmətinə müraciət edənlərə konsultasiya keçirilib

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Alo Karyera” dəstək xidmətinə 472 nəfər müraciət edib. Həmin şəxslərə müxtəlif mövzular üzrə 817 konsultasiya keçirilib. Bu xidmət Agentlik tərədfindən pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün başladılıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 7-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

“Təşkil olunan konsultasiyalar öz potensialını üzə çıxarma, əmək bazarının araşdırılması, karyera məqsədlərinin təyin olunması, işaxtarışı alətləri, CV və istək məktubunun hazırlanması, iş müsahibəsinə hazırlıq, peşə və ixtisas seçimləri mövzularını əhatə edib.

Müraciət edənlər arasında bakalavrlar, magistrlar, tam orta təhsilli şəxslər və doktorantlar üstünlük təşkil edib. Dəstək xidməti göstərilən şəxslərdən bəziləri işə qəbul edilib, bəziləri isə istədikləri sahələr üzrə təcrübə keçmək şansı qazanıblar”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir.

Xidmətdən yararlanmaq üçün vətəndaşlar keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.

Mission News Theme by Compete Themes.