Bayraqdar.info – “Hazırda fındıq sahələrində meyvələrin kütləvi yığım prosesinə hazırlıq işləri aparılır. Yığımın vaxtında və itkisiz aparılması üçün istehsalçıların müvafiq texnika və avadanlıqlarına sahib olması ən vacib amillərdən sayılır. Son zamanlar fındıq istehsalı ilə məşğul olan təsərrüfatlarda fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarına tələbat günü-gündən artır.
“Fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı texnikaları və avadanlıqlarının sərgi-satış yarmarkasının keçirilməsini qərara alınıb. Yarmarkanın 7 sentyabr 2021-ci il tarixində Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) həyətində mövcud pandemiya qaydalarına uyğun təşkili nəzərdə tutulur.”
KTN-dən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, yarmarkada KTN-nin nümayəndələri, Zaqatala DAİM-in əməkdaşları, bu sahədə ixtisaslaşan şirkətlər, fermerlər və aqrar sahə üzrə mütəxəssislər iştirak edəcəklər.
“Fındıq istehsalı ilə məşğul olan fermerlər yarmarkada mütəlif şirkətlər tərəfindən təklif olunan kənd təsərrüfatı texnika və avadanlıqları ilə bağlı ətraflı məlumat əldə edə bilər. Onları maraqlandıran sualları həm mütəxəssislərə, həm də aidiyyatı digər şəxslərə ünvanlaya bilərlər”, – deyə xəbərdə bildirilir.