Press "Enter" to skip to content

Vüqar İskəndərov: Qeyri-neft sənayesinin inkişafı üçün davamlı işlər görülür

Vüqar İskəndərov

Son yeniləmə: 6 Sentyabr 2021 11:00

Bayraqdar.info – “Məlum olduğu kimi, ölkəmizdə sənayeləşmə prosesinin ardıcıl olaraq davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Məhz bunun nəticəsidir ki, hazırda dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinin özünü qabarıq şəkildə biruzə verməsinə baxmayaraq, Azərbaycanda bu istiqamətdə genişmiqyaslı və davamlı işlər görülür.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Eyni zamanda, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir: “Bu məqamda qeyd etmək yerinə düşər ki, sənayeləşmə siyasətinə uyğun olaraq yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır. Azərbaycanda daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən belə istehsal sahələrindən biri də Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətidir”.

V.İskəndərov bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 3-də Sumqayıta səfəri çərçivəsində açılışında iştirak etdiyi “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti Parkda fəaliyyətə başlayan 17-ci rezidentdir.

Deputat onu da deyib ki, Azərbaycanda həyata keçirilən uğurlu siyasət, bütün ölkə üzrə yeni generasiya güclərinin yaradılması, müasir yolların çəkilməsi, su, qaz təchizatının yüksək səviyyədə təmin olunması öz növbəsində regionlarda sənaye quruculuğuna da güclü impuls verib. Bu baxımdan Sumqayıt xüsusi olaraq fərqlənir: “2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları bütün bögələrin, şəhər, rayon və kəndərimizin hərtərəfli inkişafını təmin edib. Bu inkişafı öz növbəsində Sumqayıtın timsalında da görmək mümkündür. Azərbaycan dövlətinin diqqət və qayğısından güc alan Sumqayıt artıq Qafqazın ən qabaqcıl sənaye mərkəzinə çevrilib”.

Mission News Theme by Compete Themes.