Bayraqdar.info – “Ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətə davamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə Naxçıvan ev sahibliyi edir.”
Bu xəbər bayraqdar.info-ya sentyabrın 6-da Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan açılış mərasimi ilə layihəyə start verilib. Mərasimdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni ifa olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Marş İrəli” layihəsinin qədim diyarda gerçəkləşən uğurlu tədbirlərdən biri olacağına inamlarını ifadə ediblər.
“Açılış mərasiminin ardınca iştirakçılar ümummilli lider H.Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, H.Əliyev Muzeyi ilə tanış olublar.
“Daha sonra Şəhidlər Xiyabanı və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımızın ruhuna dualar oxunub. Nahar fasiləsindən sonra iştirakçılar Əcəmi Seyrangahında olub, ümummilli liderin burada ucaldılmış büstü ziyarət olunub. Bunun ardınca Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, həmçinin Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanış olublar. Axşam saatlarında tədbirin açılış konserti reallaşıb.
“5-9 sentyabr tarixlərini əhatə edəcək layihənin gündəlik proqramı tərtib olunub, düşərgə üçün əlverişli məkan seçilib. “Marş İrəli”nin konseptinə uyğun olaraq gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş 100 gənc düşərgədə iştirak haqqı qazanıb. Onlardan 70-i Naxçıvan gəncləridir.
“Layihə Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir”, – deyə xəbərdə qeyd edilir.