Bayraqdar.info – Sentyabrın 3-4-də Rusiya Federal Təhlükəsizlik Xidməti işğal altında tutduqları Krımda yenidən axtarışlar aparıb. Ukrayna xarici işlər nazirinin 1-ci müavini Emine Cepparın sosial media hesabında paylaşdığı xəbərə görə, axtarışlar Krımdan olan siyasi fəalların avqustun 23-də Kiyevdə keçirilmiş Krım Platformasında iştirakına görədir.
E.Ceppar bildirib ki, Krım Tatar Milli Məclisi başqanının müavini Nəriman Cəlal, həmçinin siyasi fəallar – qardaşlar Aziz və Asan Ahtemov saxta ittihamla həbs edilib. Onlara “qaz boru xəttinə zərər vermə” və “diversiya” ittihamları irəli sürülüb.
Menim menbalarıma köre, episini iskencege oğrattılar, olarğa qarşı bedeniy ve psihologık basqı yaptılar. Biz bunı Nariman Celâlnıñ Qırım platforması sammitinde iştirak etkeni içün intiqam kibi sayamız. 2/2 https://t.co/DekSFZscEE
— Emine Dzheppar (@EmineDzheppar) September 5, 2021
Ukrayna Xarici İşlər Nazirliyi də məsələyə sərt reaksiya verib. Qurumun yaydığı bəyanatda işğalçı Rusiyanın bu əməli növbəti insan haqları pozuntusu kimi qiymətləndirilib. Ukrayna XİN Rusiyanın Krımı işğal altında tutduğu dövrdə belə əməllərlə yerli tatarları sıxışdırıb adadan uzaqlaşdırmaq məqsədi güddüyünü bəyan edib.
Sentyabrın 5-də məsələyə münasibət bildirən ABŞ Dövlət Departamenti də Rusiya işğalçı güclərinin ən azı 45 krım tatarını həbs etməsini qınayıb.
Dövlət Departamentindən bayraqdar.info-ya daxil olan xəbərdə deyilir ki, ABŞ Rusiyanın bu əməlini kəskin şəkildə qınayır. “Biz Rusiya işğal güclərini onları dərhal azad etməyə çağırırıq”, – deyə xəbərdə bildirilir.
Dövlət Departamenti baş verənlərin Krım tatarlarına qarşı uzun müddətdir davam edən repressiyaların bir parçası olduğunu da vurğulayıb. Bu repressiyalara səbəb kimi Rusiyanın Krımı zorla ilhaq etməsinə qarşı çıxışlar göstərilir.
“ABŞ-ın 23 avqustda Krım Platforması Zirvəsində bir daha təsdiq etdiyi kimi Krım Ukraynadır və ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dəstəyini təkrar ifadə edir.” Dövlət Departamentinin açıqlaması bu sözlərlə bitir.