Press "Enter" to skip to content

İsrailin xəbər portalında Qarabağda itkin düşən azərbaycanlılar barədə

Son yeniləmə: 4 Sentyabr 2021 17:11

Bayraqdar.info – İsrailin peacecom.org xəbər portalında “Azərbaycanlı müharibə veteranı: “Girovların vəziyyəti məni Ermənistanla döyüşməyə sövq etdi” sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 30 avqust – Beynəlxalq İtkinlər Gününə həsr olunmuş məqalənin müəllifi Reyçel Avrahamdır.

Məqalədə bildirilib ki, I Qarabağ müharibəsi dönəmində Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan ərazisinin 20 faizini işğal etməsindən sonra 4000-ə qədər azərbaycanlı izsiz itkin düşüb: “Bu şəxslərin öldüyü ehtimal olunur. Amma, indiyədək Ermənistan onların cəsədlərini yaxınlarına qaytarmayıb və hesabat verməyib. Hərçənd, onlar beynəlxalq hüquq normalarının tələblərinə əsasən bunu etməlidirlər”.

Müəllif, eyni dönəmdə 800 min azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, öz doğma yurdlarından qovulan zaman azərbaycanlıların evlərinin talan edildiyi, kəndlilərin girov götürüldüyü, həbs düşərgələrində dəhşətli işgəncələrlə üzləşdiklərini qeyd edib. Bu həbs düşərgələrində itkin düşənlər arasında 267 qadın, 326 qoca və 71 uşaq olmaqla, 719 mülki şəxsin olduğu nəzərə çatdırılıb.
Məqalədə İsrailin sabiq rabitə, peyk və kiber naziri Ayub Karanın, II Qarabağ müharibəsinin qazisi Həsən Müzəffərlinin, Azərbaycan diaspor gənclərinin üzvü Səma Nəbizadənin fikirlərinə yer verilib.

“Qohumlarım babalarım, bibilərim və əmilərim də daxil olmaqla Ermənistan tərəfindən əsir və girov götürülüb. Ermənilər girovlara işgəncə verirdilər. Xeyli qohumlarımı və dostlarımı itirdim. Bu, məni işğal olunmuş əraziləri geri almaq üçün Ermənistana qarşı mübarizə aparmağa sövq etdi”, – deyə Həsən Müzəffərli bildirib.

Məqalədə o da qeyd edilib ki, Azərbaycan bəzi rayonlarını işğaldan azad etdikdən sonra Kəlbəcərdə azərbaycanlıların ilk kütləvi məzarlığı tapılıb və bu, itkin düşmüş azərbaycanlılardan bəzilərinin ailələri üçün ümid olub.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı keçiddən oxumaq mümkündür.

Mission News Theme by Compete Themes.