Press "Enter" to skip to content

Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Texniki Universiteti əməkdaşlıq edəcək

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 3-də Agentlikdən məlumat verilib.

Bildirilib ki, sənədin imzalanması mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış edib. Nazir müavini aktiv məşğulluq proqramlarının bir istiqamətinin də məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədi daşıdığını, bu istiqamətdə müvafiq işlər aparıldığını deyib. O, eyni zamanda, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun təkmilləşdirilməsinin önəmini qeyd edib. Nazir müavini imzalanan memorandumun bu və digər istiqamətlərdə əməkdaşlıq müstəvisində birgə işlərin aparılmasına imkan yaratdığını qeyd edib.

AzTU-nun rektoru Vilayət Vəliyev Memorandumun imzalanmasında məqsədin elm, təhsil və universitet-sənaye işbirliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi olduğunu vurğulayıb: “Birgə əməkdaşlıq nəticəsində müvafiq peşə ixtisasları üzrə tədrisin təşkili, sənaye sertifikatlarının əldə olunması, xüsusi ixtisaslar üzrə peşə standartlarının işlənilməsində Universitetin iştirakı və tələbələrin peşəkarlıq səriştələrinin artırılması təmin ediləcək”.

Əməkdaşlıq sənədini V.Vəliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli imzalayıb.

Tədbir çərçivəsində qonaqlar həmçinin AzTU-nun tədris laboratoriyaları ilə tanış olublar.

Mission News Theme by Compete Themes.