Press "Enter" to skip to content

Sentyabrın 1-dən COVİD-19-la bağlı qadağalar qüvvəyə minir

COVID-19 yoxlanışı

Bayraqdar.info – Sentyabrın 1-dən COVİD-19-la bağlı yeni məhdudiyyətlərin tətbiqinə başlanacaq.

Bu dəfəki məhdudiyyətlərin əvvəlkilərindən fərqli cəhəti isə qadağaların COVID pasportu olmayanlar üçün qüvvədə olmasıdır. Qeyd edək ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bu barədə qərarı xeyli əvvəldən açıqlanıb. Qeyd edək ki, bu tələb yaşı 18-dən yuxarı olan şəxsləri əhatə edir.

Pasport tələb olunacaq məkanlar aşağıdakılardır:

1. İctimai iaşə müəssisələri; 2. Mehmanxanalar; 3. İri ticarət mərkəzləri; 4. Ali məktəblər; 5. Orta ixtisas məktəbləri; 6. Şadlıq sarayları; 7. Sağlamlıq-idman kompleksləri; 8. Restoranlar; 9. Kafelər.

Qərarda qeyd edilib ki, gözəllik salonları və bərbərxanalarda COVID pasportu tələb olunmayacaq. Çünki onlar eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar hesab olunmur. Bərbərxana, gözəllik salonları da vaksinasiya olunmayan müştərilərin üzünə açıq olsa da, bu xidmət sahəsində də işçilərdən peyvənd pasportu tələb olunacaq.

Həmçinin, dərzi, ayaqqabı təmiri və digər bu kimi xidmət sahələrində də müştərilərdən pasport tələb olunmayacaq. Qərarda COVID pasportu tələbinin iri ticarət mərkəzlərinə şamil olunması da onu deməyə əsas verir ki, pasportu olmayanlar kiçik mağazaların xidmətindən istifadə edə biləcək.

Bəzi məkanlarda müştərilərin girişi üçün məhdudiyyət olmasa da, bu heç də o demək deyil ki, həmin məkanlarda çalışanların da pasportsuz giriş-çıxışına imkan veriləcək.

Belə ki, qərarda bu iş yerlərində əməkdaşlarının azı 80 faizinin sentyabrın 1-dək COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:

Bütün tibb və əczaçılıq müəssisələrinin; bütün elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq); digər dövlət orqanlarının.

1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb olunacaq. Yəni 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də tətbiq ediləcək.

Bu Qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

Əlavə edək ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.