Press "Enter" to skip to content

Xarici media nümayəndələri Cəbrayılda gördüklərindən dəhşətə gəliblər

Son yeniləmə: 31 Avqust 2021 15:50

Bayraqdar.info – Ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bununla həm ərazi bütövlüyümüz bərpa olundu, həm də dünya birliyinin Ermənistanın müharibə cinayətləri, 30 il işğal altında saxladığı torpaqlarımızda törətdiyi vəhşiliklər barədə əyani şəkildə məlumat almaq imkanı qazandı.

Elə postmüharibə dövründə xarici ölkələrin diplomatlarının, media nümayəndələrinin, həmçinin digər sahələrin təmsilçilərinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkil olunmasında da əsas məqsəd Ermənistanın bəşəriyyət əleyhinə cinayətləri haqqında həqiqətlərin dünya birliyinə çatdırılmasıdır.

Avqustun 31-də isə bu konteksdə növbəti addım atılıb. Belə ki, Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Məlumat üçün bildirək ki, üç gün davam edəcək səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Hersoqovinadan olan 20-dən çox xarici jurnalist iştirak edir.

Beləliklə, səfərin ilk günündə xarici media təmsilçiləri öncə Füzuli rayonunda Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşüb, minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər. Onlar həmçinin, Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri ilə tanış olublar.

Xarici media nümayəndələrinə buradə ətraflı məlumat verilib. Bildirilib ki, ərazidə əsasən Rusiya istehsalı olan tank əleyhinə və Ermənistan istehsalı olan piyada əleyhinə minalar basdırılıb. Sonra xarici jurnalistlər ərazidə aşkar edilən mina və silah-sursatların bir qisminin partlatma yolu ilə zərərsizləşdirilmə prosesini izləyib.

Füzuli rayonundan sonra Cəbrayıla gedən xarici jurnalistlər burada ermənilər tərəfindən törədilən dağıntıları, həmçinin, baş çəkdikləri qəbiristanlıqlardan birində vaxtı ilə ermənilər tərəfindən sındırılan qəbir daşlarını, qazılaraq cəsədləri çıxarılan qəbirləri öz gözləri ilə görüblər. Gördüklərindən dəhşətə gələn xarici media nümayəndələri bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayıblar.

Yeri gəlmişkən, nümayəndə heyətində Qırğızıstanı təmsil edən jurnalistlər qəbiristanlıqda Quran oxuyaraq, burada basdırılan Cəbrayıl sakinlərinin, eləcə də şəhidlərimizin ruhuna dualar ediblər.

Mission News Theme by Compete Themes.