Press "Enter" to skip to content

COVİD-19 ölkəmizdə 12 jurnalistin həyatına son qoyub

Müşfiq Ələsgərli

Bayraqdar.info – Pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVİD-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib. Bunu bayraqdar.info-ya Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, JuHİ-nin apardığı monitorinqin nəticələrinə əsasən yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğnın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir: “Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər”.

“KİV işçilərinin daima ictimaiyyət arasında fəaliyyət göstərdiyini, bununla da  yoluxma riskinin yüksək olduğunu  nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların  növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən  kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub”, – deyə o, əlavə edib.

Onun sözlərinə görə, Proqram çərçivəsində vaksinasiyadan keçmiş KİV işçilərinin durumu da müşahidə edilir. İndiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.

Müşfiq Ələsgərli bildirib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.

Mission News Theme by Compete Themes.