Son yeniləmə: 31 Avqust 2021 12:44
Bayraqdar.info – Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədri Fuad Muradovun və Komitə əməkdaşlarının Köln Universiteti Klinikasının Radiologiya İnstitutunda azərbaycanlı tibb mütəxəssisləri ilə görüşü keçirilib.
Bu barədə bayraqdar.info-ya Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Köln Universitetinin tibb elmləri doktoru, Köln Universitet Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri, Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev, Köln Universitetinin məzunu, Auqustereninen xəstəxanasında Ağciyər xəstəlikləri departamentinin şöbə müdiri Elvin Hüseynov, Axen şəhərindəki Reyn-Vestfal Texniki Universitetinin doktorantı, Almaniyadakı milli elmi araşdırma mərkəzinin əməkdaşı Əkbər Hüseynov, Köln Universitetinin Cinayət Hüququ və Cinayət Prosesi İnstitutunun doktorantı, “2019-2020-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın təqaüdçüsü Asif Mustafayev, Köln Universitetinin məzunu, Vuppertal şəhərindəki Müqəddəs İosif hospitalının həkimi Hemət Həbibov və Almaniyanın Auditorlar Palatasının ilk azərbaycanlı üzvü, Britaniyanın Ernst&Young auditor-konsaltinq şirkətinin Almaniya üzrə uzunmüddətli meneceri Murad Həsənzadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nuran Abdullayev Dövlət Komitəsinin rəhbərliyini klinikada görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanlı alim Köln şəhərində çalışan həkim soydaşlarımız və tibb sahəsində təhsil alan azərbaycanlı tələbələr barədə məlumat verib. O, Almaniyada həkimlərimizin fəaliyyət göstərdikləri tibb mərkəzlərinə sərmayələrin yatırılması prosesinə azərbaycanlı iş adamlarının cəlb olunmasının vacibliyini vurğulayib. Bu sahədə püxtələşən soydaşlarımızın Azərbaycan səhiyyəsinə, eləcə də yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ olunmasına böyük töhfə verə biləcəkləri qeyd edilib.
Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri səhiyyənin yüksək inkişaf etdiyi Almaniyada azərbaycanlı həkimlərin yüksək mütəxəssis kimi qəbul edilməsi faktının böyük əhəmiyyətindən danışıb. Bildirib ki, Almaniyada təhsil alan gənclərimizin yerli səhiyyənin üstünlüklərini öyrənib, peşəkar mütəxəssisə çevrilməsi çox vacibdir. Çünki yalnız bu halda soydaşlarımız öz sahəsində kamilliyə çatan mütəxəssislər kimi tanına bilərlər. Belə mütəxəssislər isə nəinki yaşadıqları ölkədə nüfuz sahibinə çevrilir, həm də ictimai-siyasi və səhiyyə sisteminə sıx inteqrasiya olunmaqla yaxın gələcəkdə Azərbaycanın tibb sahəsinə töhfələr bəxş edə və həqiqətlərimizin təbliği istiqamətində ictimai rəyə təsir etmək gücünə malik olurlar.
Görüşdən sonra radiologiya və ürək-damar şöbələrindəki iş şəraiti ilə tanışlıq olub.