Press "Enter" to skip to content

Zəfərdən-zəfərə addımlayan Türkiyə

Bayraqdar.info – 30 avqust Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yerlərdən birini tutur. Hər il 30 avqust tarixi Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. Qardaş ölkədə həmin tarixə bu cür önəmin verilməsi isə heç də təsadüfi deyil. Çünki 99 il əvvəl Mustafa Kemal Atatürkün öndərliyi ilə qazanılan bu tarixi Zəfərlə Türkiyə Cümhuriyyətinə aparan yolda mühüm addım atıldı.

Məlumat üçün bildirək ki, 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən təklif edilən təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə əsasən, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi. Təbii ki, qəhrəman türk xalqı bu biabırçı sülh sazişini qəbul edə bilməzdi. Məhz buna görə də dahi Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı. Həmçinin, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi bu biabırçı sazişi təsdiqləməkdən birmənalı şəkildə imtina etdi.

Bununla yanaşı, xalqdan güc alan Türkiyə Ordusu Qurtuluş savaşında mərhələ-mərhələ uğur qazandı. 1922-ci il avqustun 30-da isə Türkiyə Ordusu Qurtuluş savaşının taleyini həll edəcək Zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad etdi. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kemal Atatürk Türkiyə Cümhuriyyətini elan etdi.

Bir sözlə, Zəfər bayramına aparan yol 1922-ci il avqustun 26-da başlayıb 30-da Dumlupınarda Mustafa Kemal Atatürkün baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Büyük Taarruz) yad etmək üçün qeyd olunan bayramdır.

İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonkarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq isə 1935-ci ilin mayında elan edilib.

Beləliklə, 30 avqust 1922-ci il tarixi Türk ulusunun imperialist güclərə qarşı qadınıyla, uşağıyla, ordusuyla verdiyi bir savaşın – Zəfər dastanının yazıldığı gündür. Bu Zəfər Türkiyə Ordusunun qəhrəmanlığının bir nümunəsidir. 30 avqust Zəfəri milli birlik və bərabərliyin nə qədər böyük güc olduğunu da bir daha təsdiqləyib.

99 il əvvəl 30 avqust zəfəri ilə tarix yazan qardaş ölkə bu gün dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Dünyanın ən güclü ordularından biri olan Türkiyə Ordusu yerindən və zamanından asılı olmayaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Türkiyə həmçinin, tarixi ənənələrdən irəli gələn qardaşlıq bağlarına sadiqliyini, yəni Azərbaycanla birlikdə olduğunu hər zaman nümayiş etdirir. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha bunun əyani şahidi olduq.

Zəfərin – Zəfərimiz qutlu olsun, Türkiyə!

Mission News Theme by Compete Themes.