Press "Enter" to skip to content

Zəfər Bayramı KKTC-də də dövlət səviyyəsində qeyd edilib

Bayraqdar.info – Türkiyənin 30 Avqust – Zəfər Bayramı Kuzey Kıbrıs Türk Cümhuriyyətində də dövlət səviyyəsində qeyd edilib. KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, bu silsilədən ilk tədbir səhər saat 09:30-da Lefkoşa Atatürk abidəsinin qarşısında keçirilib.

Mərasimdə protokola uyğun olaraq abidə önünə əklil qoyulub, bir dəqiqəlik sükut elan edilib və Dövlət Himninin müşayətilə bayraqlar qaldırılıb.

Sonra KKTC Cümhurbaşqanı Ersin Tatar Xatirə Kitabını imzalayıb: “Əziz Atatürk. Türk millətinin ən böyük zəfərlərindən biri olan, Anadolunu işğaldan azad edən və Türkiyə Cümhuriyyətinin qurulmasına təkan verən Böyük Zəfərin 99-cu ildönümündə bir daha hüzurunuzdayıq”.

KKTC Cümhurbaşqanı həmçinin qeyd edib ki, bu böyük Zəfər türk millətinin heç vaxt əsarəti qəbul etməyəcəyini dünyaya bir daha göstərdi.

E.Tatar 30 avqust Zəfərinin məzlum xalqların qurtuluş mübarizələrinə işıq tutarkən Kıbrıs türkünün də milli mübarizəsi üçün güc və ilham mənbəyi olduğunu qeyd edib: “Kıbrıs türk xalqı, “ən böyük əsərim” dediyiniz Türkiyə Cümhuriyyəti ilə birlikdə addımlamağa davam edəcək, dövlətindən və suverenliyindən heç vaxt vaz keçməyəcək. Əziz xatirəniz qarşısında hörmət və minnətdarlıq hissi ilə baş əyərkən Vətən, müstəqillik və azadlıq uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Dr. Fazıl Küçük Bulvarında keçirilən ikinci mərasim isə saat 10:00-da başlayıb. Dövlət Himninin müşayiətilə bayraqların qaldırılması ilə başlayan tədbir E.Tatar tərəfindən mərasim birliklərinin yoxlanılması və xalq bayramının təbrik edilməsi ilə davam edib. Çıxışında E.Tatar bir daha “dövlətdən və suverenlikdən imtina edilə bilməz” deyib.

Mission News Theme by Compete Themes.