Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi başa çatıb.
Bu barədə bayraqdar.info-ya avqustun 30-da “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, düşərgənin sonuncu günündə Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları tərəfindən “Süni zəka: kodla və oyna”, “Data elmi və tətbiq sahələri” mövzuları üzrə təlim proqramları keçirilib. Eyni zamanda iştirakçılar üçün hovuz və əyləncə saatı təşkil olunub.
Sonra “YAŞAT” düşərgəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Fondun Himayəçilik Şurasının üzvləri Sevinc Alızadə, Anar İsgəndərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.
Qonaqlar uşaqlarla birgə şam ediblər.
Günün sonunda tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə düşərgənin qala gecəsi təşkil olunub.
Qeyd edək ki, 2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edib. Ümumilikdə 300-dək uşağı əhatə edən 6 düşərgə həyata keçirilib. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.