Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının rəhbərliyi ilə artıq 5 ildir “Vətənpərvərlik etüdləri” adlı layihə reallaşdırlır. Avqustun 28-də layihə çərçivəsində Xızı rayonunda növbəti görüş olub.
Bu barədə bayraqdar.info-ya məlumat verən Aygün İsgəndərova deyib ki, etüd iştirakçıları olan yeniyetmə və gənclər öncə görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xızının Sayadlar kəndində yerləşən ev muzeyində olublar: “Daha sonra etüdün həyata keçirilməsi üçün akvarel dağları adlandırılan Xızı dağları və Altıağacın Baxışlı kəndi ərazisində rəssamlar bir-birindən gözəl əsərlər yaratdılar. Etüd iştirakçıları – ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin təsviri incəsənət müəllimi Rəsmiyyə Mahmudova və tələbələri “Zirvə” Ziyalılar təşkilatı tərəfindən diplomla təltif olundular. Eyni zamanda iştirakçılar “Sərin bulaq” restoranında yerli mətbəx nümunələri ilə tanış oldular. Xatırladaq ki, Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik etüdləri” il boyu davam edəcək”.
Məlumat üçün bildirək ki, “Vətənpərvərlik etüdləri” adlı layihənin əsas məqsədi bölgələri daha yaxından tanıtmaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.