Bayraqdar.info – “Dövlətdən və suverenlikdən vaz keçilə bilinməz.” Bu sözlər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın Türkiyənin 30 Avqust – Zəfər Bayramı münasibətilə yayımladığı mesajda öz əksini tapıb.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar mesajında bunları qeyd edib: “Türk millətinin ən böyük zəfərlərindən biri olan, Anadolunu işğaldan azad edən və Türkiyə Cümhuriyyətinin qurtuluşunu təmin edən Böyük Zəfərin 99-cu ildönümünü qeyd edirik. Bu böyük Zəfər türk millətinin heç vaxt əsarəti qəbul etməyəcəyinin, azadlığından əl çəkməyəcəyinin, istiqlal sevgisinin, qəhrəmanlığının və cəsarətinin ən böyük göstəricisidir. “Türk milləti diz çökdü, tükəndi” deyilərkən, 19 may 1919-cu ildə Samsunda yandırılan müqavimət və qurtuluş məşəli bütün Anadolunu işıqlandırdı və qurtuluş mübarizəsi 30 avqust Zəfəri ilə taclandı”.
Mesajda həmçinin, “Baş Komandan Qazi Mustafa Kemal Atatürkün komandanlığı altında qəhrəman mehmetciyin böyük fədakarlığı və cəsarəti nəticəsində qazanılan 30 avqust Zəfəri məzlum xalqların qurtuluş mübarizələrinə işıq tutarkən Kıbrıs türkünün milli mübarizəsi üçün güc və ilham mənbəyi olub” sözləri də öz əksini tapıb.