Bayraqdar.info – “Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Təbii ki, rəhbərlik etdiyimiz Eskişehir Azərbaycanlılar Dərnəyi də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Hesab edirik ki, Vətən müharibəsindən sonra biz diaspor təmsilçiləri daha fəal olmalıyıq.”
Bunu bayraqdar.info-ya açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
O, qeyd edib ki, rəhbərlik etdiyi qurum 2010-cu ildən rəsmi olaraq fəaliyyət göstərir: “Ötən müddət ərzində həm Eskişehirdə yaşayan azərbaycanlıların, həm də bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizlə bağlı işlərdə bir araya gəlməsi üçün var gücümüzlə çalışmışıq. Qeyd edim ki, hazırda Eskişehirdə 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Düzdür, daim Eskişehirdə olmadıqları üçün onları rəsmi üzvlüyə qəbul etmirik. Yəni ümumilikdə Eskişehirdə daimi yaşamağa qərar verən və Türkiyə vətəndaşlığı alan soydaşlarımızı dərnəyimizə üzv edirik. Bununla belə, bütün tədbirlərimizdə gənclər, tələbələr fəal şəkildə iştirak edirlər”.
C.Aydın vurğulayıb ki, Azərbaycan dövləti, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi diaspor quruculuğu işinə hərtərəfli dəstək verir: “Bu dəstəkdən güc alan Eskişehir Azərbaycanlıları Dərnəyi bütün sahələrdə Azərbaycanın səsi olmaq üçün addımlar atır, çeşidli layihələr həyata keçirir. Hesab edirik ki, bu istiqamətdə mətbuatın, informasiyanın gücündən istifadə etmək gücümüzə əlavə güc qata bilər. Məhz buna görə də 2017-ci ildən etibarən Dərnəyimizin təsisçiliyi ilə “Üç Çizgi” adında elmi jurnal nəşr edilir. 2020-ci ildən isə Eskişehirin yerli televiziya kanalı olan EsTV-də “Üç Çizgi” adlı həftəlik programımız fəaliyət göstərir. Müharibə dövründə dünya Azərbaycanlıları kimi biz də üzərimizə düşən vəzifəni uğurla yerinə yetirdik. Media vasitəsilə Azərbaycanın haqq səsini bütün Türkiyədə səsləndirdik. “Üç Çizgi” programımızın müharibə dövründəki və müharibədən sonrakı yayımlarında sahələrində məşhur şəxsləri dəvət edərək Qarabağ müharibəsi haqqında bölümlər hazırladıq. Eyni zamanda jurnalımızın 15-ci nömrəsi başda Milli Qəhrəman, general Polad Həşimov olmaq üzrə Tovuz şəhidlərinə, 16-cı nömrəsi Şuşanın azadlığa qovuşması münasibətilə Şuşaya, 17-ci nömrəsi isə 44 günlük müharibə sonrası qazanılan Zəfərə həsr olundu. Hazırda, postmüharibə dövründə də Azərbaycanın haqq səsi olmağa çalışırıq və Eskişehirdəki soydaşlarımızla birlikdə Azərbaycanı layiqli şəkildə tanıtmaq üçün addımlar atırıq”.
C.Aydın sonda “Ümumiyyətlə Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq tədbirlərimiz və gördüyümüz işləri saymaqla bitməz. Son illərdəki bəzi tədbirlərimizin videolarına youtube kanalımızdan da baxa bilərsiniz”, – deyə əlavə edib.