Bayraqdar.info – Avqustun 30-da Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü münasibətilə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş konfrans keçirilib. Konfrans Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə XİN-in struktur bölmə rəhbərləri və ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edib. Konfransın açılışında Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində həyatını itirmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə post-münaqişə mərhələsində Qarabağın bərpası, dirçəlişi, habelə məcburi köçkünlərin öz doğma evlərinə geri qayıdışı ilə əlaqədar təhsil ocağı tərəfindən tədbirlərin keçirildiyini deyib. O, itkin düşmüş şəxslərlə bağlı mövzunun dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından konfransın əhəmiyyətini vurğulayıb.
Konfransın panel müzakirələrində çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın təcavüzkar siyasəti çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərinin kobudcasına pozulduğu, mülki və hərbi şəxslərin əsir və girov götürülməsi təcrübəsindən geniş istifadə olunduğu, əsirlərin məhv edilməsi siyasətinin sistematik şəkildə həyata keçirildiyi və s. barədə ətraflı məlumatı təqdim edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov Ermənistanın işğalçı siyasəti çərçivəsində soyqırımı və etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətlərin törədildiyini deyib. O, həmçinin, girov götürülmüş mülki əhali ilə qeyri-insani rəftar, itkin düşmüş azərbaycanlılar ilə bağlı məlumatların toplanılması, bu şəxslərin Vətənə qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə danışıb. İ.Axundov aidiyyəti yerli qurumlarla və beynəlxalq təşkilatlarla əlaqələndirmə işlərinin səmərəli təşkili istiqaməsində Dövlət Komissiyasının fəaliyyəti barədə də ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edib.
Tədbirdə, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer çıxış edib. O, çıxışında onilliklər ərzində BQXK-nın itkin düşmüş şəxslərlə bağlı məsələnin humanitar nəticələrinin cavablandırılması istiqamətində müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini deyib.
Konfransın panel müzakirəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin 1993-ci ilin 31 mart tarixində Kəlbəcər rayonunu işğal edərkən ailəsi itkin düşmüş, girovluqdan azad olunmuş Müşfiq Əliyevin acı həyat hekayəsi dinlənilib.
Çıxışlardan sonra BQXK tərəfindən ərsəyə gətirilən film nümayiş etdirilib. Filmin nümayişindən sonra sual-cavab sessiyası ilə konfrans öz işini başa vurub.
Tədbirdən sonra konfrans iştirakçıları əsir və itkin düşmüş azərbaycanlılara dair foto və kitab sərgisi ilə tanış olublar.