Press "Enter" to skip to content

Deputat: Şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir

Bayraqdar.info – “Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibasi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Çünki məhz bu müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı şanlı Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi. Təbii ki, bu müharibənin əsas qəhrəmanları canlarını Vətən torpağı uğrunda fəda edən şəhidlər və qazilərdir. Azərbaycan dövləti, o cümlədən cəmiyyətimiz bu Vətən övladlarının müharibədə göstərdikləri qəhrəmanlığı yüksək dəyərləndirir. Elə indiyə kimi çoxlu sayda əsgər və zabitin yüksək dövlət təltiflərinə layiq görülməsi, həmçinin, Azərbaycanda dövlət tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi də deyilənləri təsdiqləyir.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması da bu istiqamətdə atılan növbəti addımdır: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə vurğulandığı kimi, bu günə qədər dövlət siyasətinin nəticəsi olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Yəni əvvəllər olduğu kimi, postmüharibə mərhələsində də Azərbaycan dövləti şəhidlərin ailə üzvlərinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir”.

V.İskəndərov deyib ki, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına mənzillər və avtomobillər təqdim olunur: “Həmçinin bu katiqoriyadan olanların məşğulluğunun təmin edilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Statistik məlumatlara əsasən, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2 min 600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Onu da deyim ki, hazırda şəhid ailələrinin üzvləri və qazilər həmçinin özünüməşğulluq proqramının da fəal iştirakçılarına çevriliblər”.

Mission News Theme by Compete Themes.