Bayraqdar.info – 31 avqust – 5 sentyabr 2021-ci il tarixlərində geyim mədəniyyətinin və yaradıcılığının bayramı sayılan Selvedge Dünya Satış Sərgisi keçiriləcək. Sərgidə 75 ölkədən 150-dən çox sənətkar öz milli-mədəni irsini, tekstil ənənələrini kolleksiyaları vasitəsilə nümayiş etdirəcək.
Xəbər bayraqdar.info-ya avqustun 30-da Azərbaycan Milli Xalça Muzeyindən verilib.
Xəbərdə bildirilir ki, sentyabırın 4-də Selvedge 2021 çərçivəsində “Yaradıcılıq günü” təşkil olunacaq və 24 saat ərzində onlayn görüşlər, söhbətlər, sual-cavablar, film təqdimatları, sənətkarlarla müsahibələr və emalatxanalarda görüşlər baş tutacaq.
“Yaradıcılıq günü” proqramında Yeni Zelandiya, Hong-Kong, Yaponiya, Hindistan, Misir, Avstriya, Böyük Britaniya, Kolumbiya, Çili, Meksika, Kanada ilə yanaşı Azərbaycan da təmsil olunacaq.
Muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Sərginin seçim komissiyasında iştirakla yanaşı sentyabrın 4-də saat 11:00-da baş tutacaq onlayn görüşdə təqdimatla çıxış edəcək.
“O, Azərbaycan mədəniyyətinin simvolu, xalqın həyat tərzində əsas rol oynayan xalça sənəti haqqında məlumat verəcək. Ş.Məlikova iştirakçılara muzeyin yeni layihələri, inklüziv proqramları, boyama sənətinin inkişafı və qədim xalçatoxuma texnikalarının dirçəldilməsi istiqamətində fəaliyyətindən ətraflı bəhs edəcək.
“Sonra izləyicilər Muzeyin Beynəlxalq Əlaqələr və İnnovasiyalar Departamentinin müdiri Firahnaz Musayevanın bələdçiliyi ilə dünyanın ilk Xalça Muzeyinə virtual tura dəvət olunacaqlar.
“Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş 1 saatlıq proqramın sonunda Xalq rəssamı Eldar Mikayılzadə ilə onun emalatxanasında onlayn görüş təşkil olunacaq. Xalçaçı-rəssam ölkəmizdə xalçaçılıq ənənənələrinin yaşadılması, inkişaf etdirilməsi haqqında danışacaq, yeni yun və ipək xalçaların toxunma prosesini nümayiş etdirəcək.
“Qeyd edək ki, otuz minə yaxın tekstil həvəskarının mütəxəssislərdən maraqlı məlumatlar əldə etmək, ayrı-ayrı ölkələrin milli mədəni irsini öyrənmək, yeniliklər kəşf etmək, gözəl sənət nümunəsi almaq üçün Sərgini ziyarət etməsi gözlənilir”, – deyə xəbərdə bildirilir.