Son yeniləmə: 29 Avqust 2021 22:29
Bayraqdar.info – Avqustun 29-da ölkə başçısı İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban Əliyeva Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər ediblər.
Bu barədə avqustun 29-da Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər zamanı Prezident və xanımı Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olublar. Daha sonra onlara Füzuli Beynəlxalq Hava Limanında görülən işlər barədə məlumat verilib.
İ.Əliyev və M.Əliyeva Şuşada “Qarabağ” hotelinin açılışında iştirak ediblər.
“Bundan sonra dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada büstü açılıb. Prezident və xanımı açılışda iştirak ediblər. Həmçinin, Şuşada M.P.Vaqifin muzey-məqbərə kompleksinin də bərpadan sonra açılışı həyata keçirilib.
“Avqustun 29-da həmçinin, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti və birinci xanım açılış mərasimində iştirak ediblər.
“Eyni zamanda, Şuşada görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı həyata keçirlib. Açılışda iştirak edən dövlət başçısı və xanımı Ü.Hacıbəylinin Şuşadakı ev-muzeyində aparılacaq işlərlə tanış olublar. Onlara burada görüləcək işlər barədə məlumat verilib.
Daha sonra Prezident və xanımı Şuşada “Otel və Konfrans Mərkəzi”nin də təməlqoyma mərasimini həyata keçiriblər. Eyni zamanda, onlar Şuşada yeni yaşayış massivinin də təməlini qoyublar.