Press "Enter" to skip to content

“Gənclər Kuboku: Hərb Oyunları” başlayıb

Bayraqdar.info – “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclər Kuboku: Hərb Oyunları” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Ağdam rayonunun Quzanlı qəsəbəsində reallaşdırılan layihənin iştirakçıları öncə Ağdam rayon Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bu barədə bayraqdar.info-ya avqustun 28-də “İrəli” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, sonra düşərgə ərazisində açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev “İrəli” İctimai Birliyinin hərbi vətənpərvərlik hissinin gənclərə aşılanması və gənclərin bu yöndə formalaşması istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Nazir müavini, həmçinin, gənclərin hazırkı post-müharibə dönəmində rolunun əhəmiyyətindən bəhs edib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Fond bir neçə illik fəaliyyətində “İrəli” İctimai Birliyi ilə birgə 15-dən çox genişmiqyaslı layihəyə imza atıb. O, gənclər təşkilatları arasında hərbi vətənpərvərlik mövzularında həyata keçirilən layihələrin təşkilində Birliyin aktiv şəkildə iştirak etdiyini vurğulayıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər və idman sahəsində atılan addımlardan danışıb. Deputat görülən işlər nəticəsində paytaxt Bakı ilə yanaşı regionlarda da idman infrastrukturunun inkişafının sürətlə davam etdiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev təşkilat tərəfindən keçirilən layihələrin Vətən müharibəsində öz töhfəsini verdiyini vurğulayıb. Deputat bundan sonra gənclərdə qələbə, zəfər ruhunun aşılanması istiqamətində “İrəli” komandasına uğurlar arzulayıb.

Tədbirə ev sahibliyi edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, hazırki dövrdə sağlam gəncliyin qurulması dövlətin prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Ağdam gənclərinin fəallığı bu sahədə görülən işlərin effektivliyini bir daha ortaya qoyur. Paytaxt gəncləri kimi region gəncləri də bu kimi proseslərdə aktiv iştirak edir, dövlət gənclər siyasətinin inkişafında öz töhfələrini verirlər.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı isə qeyd edib ki, təşkilat tərəfindən indiyədək ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində Vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönəlik bir sıra tədbirlər həyata keçirilib. Elə “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi də bu qəbildəndir. Layihə boyunca ekstremal şəraitdə 100-ə yaxın gəncin peyntbol, stend atıcılığı, pentatlon, səmti müəyyənetmə və digər idman növləri üzrə yarışı təşkil olunacaq, gənclər yarışlarda birincilik uğrunda mübarizə aparacaq.

Mission News Theme by Compete Themes.