Son yeniləmə: 27 Avqust 2021 15:47
Bayraqdar.info – Sadıqov Elvin Natiq oğlu (şəkildə soldan 3-cü) Ağstafa rayonunun Muğanlı kəndindəndir. Elvin ordu sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi 44 günlük Vətən müharibəsinə qatılıb.
“Bizim şərəf yolumuz Cəbrayıldan başladı. Cəbrayıl istiqamətində gedən döyüşlərə qatıldım. Cəbrayılın və bir neçə yüksəkliyin alınmasında bizim də iştirakımız olub”, – deyə E.Sadıqov şəhid qardaşlarını şərəf və qüssəylə anır: “Cəbrayılda şəhidlərimiz və yaralılarımız oldu”.
Növbəti döyüşlər Füzuli rayonu istiqamətində başlayanda Elvingiln dəstəsi kəşfiyyat bölümü tərkibində Füzuliyə yollanıb: “Kəşfiyyat bölümündə əvvəl biz hücuma keçib yolu açırdıq. Sonra döyüş texnikası gəlib yerləşirdi. Mən tank əleyhinə qumbaratan idim. RPQ qumbaraatanı ilə düşmən tanklarını vururdum. Bizim arxamızca döyüş texnikası gəlirdi.
“Füzulidə bir neçə kəndin və postun ələ keçirilməsində yaxından iştirak etdik. Orada da yenə şəhid və yaralılarımız oldu. Mən döyüşün 12-ci günündə Füzulidə Seyidəhmədli kəndində ağır yaralandım. PK və snayper gülləsi sol çiynimdən və qolumdan dəydi. Qarnımda bağırsaqlarım qəlpə yarasından zədələnmişdi. Məni yaralı və huşsuz halda döyüş zonasından çıxarıb hospitala aparıblar.
“12 gün komada qalmışam. 6 dəfə əməliyyat keçirmişəm. Komadan ayılıb hospitaldan çıxandan sonra 5 aya yaxın bağırsaqlarım torbada gəzmişəm. Komadan ayıldıqdan sonra heç nəyi xatırlamırdım, sonra yavaş-yavaş yaddaşım bərpa olundu”, – deyir qazimiz.
Daha sonra davam edir: “Əsas odur ki, şəhid versək də, yaralansaq da qələbə bizim oldu. Bir gün də olsun bizim ordumuz geri çəkilmədi. Ən böyük arzum Şuşada döyüşmək idi, o da mənə nəsib olmadı. Füzulidə də çoxlu şəhid qardaşlarımız oldu. Füzulidə düşmən tərəfindən çox güclü istehkam qurulmuşdu. O istehkamı yarmaq 23 gün çəkdi. 23-cü gün şad xəbər gəldi. Şükür Allaha ki, düşmənin istehkamını qırdıq və qalib gəldik”.
E.Sadıqov onu müalicə edən həkimlərdən çox razıdır. Qarın boşluğundakı problem həll edilib. Qolunun birində problem qalmışdı, açıb-bükə bilmirdi, qol fəaliyyətsiz qalmışdı. “Yaşat” Fondu onu müalicəyə göndərib. Qarabağ qazisi avqustun 25-də növbəti müalicədən qayıtdığını və özünü yaxşı hiss etdiyini bildirir. “Yaşat” Fondundan qazinin başqa problemləri ilə də maraqlanıblar və ona kömək ediblər.