Press "Enter" to skip to content

İtaliyanın “il Giornale” qəzetində “Qarabağ: Azərbaycanın keçmişi, bu günü və gələcəyi” sərlövhəli yazı

Son yeniləmə: 27 Avqust 2021 16:36

“Gələcək sadəcə Bakı ilə Gəncə arasında deyil, daha çox Füzuli ilə Şuşa arasında yazılacaq.”

Bayraqdar.info – İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “İnsideover” analitik portalının jurnalisti Emanuel Pietrobon-un Azərbaycana səfərilə bağlı silsilə yazılarının dərc olunması davam edir. Bu xüsusda, növbəti məqalə kimi “il Giornale” qəzetində müəllifin “Qarabağ: Azərbaycanın keçmişi, bu günü və gələcəyi” sərlövhəli yazısı işıq üzü görüb.

Bu barədə bayraqdar.info-ya ölkəmizin İtaliyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı ağıllı şəhərlər, turizm, yenidən məskunlaşma və böyük infrastrukturun qurulması istiqamətləri üzrə böyük planlarının olduğu vurğulanır.

Müəllif qeyd edir ki, Azərbaycanın gələcəyinin əhəmiyyətli bir hissəsi daha çox tanınan Qarabağ, eləcə də azad edilmiş yeddi rayonlardan beşinin aid olduğu Şərqi Zəngəzur bölgələri ilə bağlı olacaq. Bildirilir ki, burada rəsmi Bakı müttəfiqlərinin və tərəfdaşlarının, ilk növbədə İtaliya, Türkiyə və İsrailin iştirakı ilə evlər, avtomobil və dəmir yolları, hava limanları, ağıllı şəhərlər, texnoparklar və elektrik stansiyaları inşa etməkdədir.

“İkinci Qarabağ müharibəsi alovlanmasa idi və müharibədə qalib gəlinməsə idi bunların heç biri nə mümkün, nə düşünülə, nə də aktual ola bilərdi. Çünki bütün bu layihələr 90-cı illərin əvvəllərində başlayan otuz illik erməni işğalından sonra Azərbaycanda azad edilmiş ərazilər kimi tanınan və 9 Noyabr 2020-ci il tarixində Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə – şəhərlərdə, rayonlarda və kəndlərdə həyata keçirilir”, – deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, Bakı hava limanından çıxarkən Azərbaycanın bir ölkə ilə yanaşı, açıq havada nəhəng bir tikinti sahəsi olması barədə ilk təəssürat yaranır: “Çünki, həqiqətən də qüllələrdə olan kranlar, inşaat sahəsində çalışan işçilər və asfaltlama və tikinti işləri hər yerdə – həqiqətən də hər yerdə, Bakının mərkəzindən Bakının ətrafına, Bakıdan Gəncəyə, Şuşadan keçərkən və digər azad edilmiş ərazilərdə görülə bilər. Bu tikinti sahələri ölkəni uzunundan eninə, dağlardan dəniz sahillərinə qədər nəhəng bir görkəmlə əhatə edirlər. Müharibədən sonrakı vəziyyət Ermənistandan fərqli olaraq Azərbaycanda fiziki və mənəvi milli dirçəlişin sinonimi kimi oxunur, şərh olunur və yaşanır”.

Yazıda bildirilir ki, kiçik və böyük inşaat sahələrinin bütün ölkə ərazisinə yayılmasına baxmayaraq, onlar Qarabağda və Şərqi Zəngəzurda xüsusilə çox miqdarda mövcuddur: “Şübhəsiz ki, ölçüsü və aktuallığı baxımından Füzulidə beynəlxalq hava limanının, Zəfər yolu kimi tanınan Əhmədbəyli-Füzuli-Şuşa magistral yolunun, Qafqazın Xirosiması Ağdamdan keçən Naxçıvanla Azərbaycanı birləşdirəcək yüz kilometrlərlə dəmir yolunun inşası diqqətə layiqdir”.

“Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması mövcud sərmayə və tələb olunan vaxt baxımından bir çağırışdır. Azərbaycan hakimiyyətinin İtaliya-Türkiyə-İsrail üçlüyünə üstünlük verərək xaricdən investisiya yatırmağa çağırışı bu xüsusda əhəmiyyət kəsb edir. İşlər ciddi şəkildə başa çatdırılmalıdır. Çünki, bu layihələr həqiqətən də Cənubi Qafqazın hegemon gücü olan Azərbaycanın gələcəyi üçün əhəmiyyətlidir”, – deyə məqalədə qeyd olunur.

Müəllif qeyd edir ki, gələcək sadəcə Bakı ilə Gəncə arasında deyil, daha çox Füzuli ilə Şuşa arasında yazılacaq: “Bu gələcək Qarabağın tam şəkildə inkişafı və Ermənistanla müvafiq normallaşma vasitəsilə Qafqaz regionunun geniş inkişaf imkanlarının açılmasındadır”.

Məqalə ilə keçid vasitəsiylə tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.