Son yeniləmə: 27 Avqust 2021 14:22
Bayraqdar.info – “Yenə ötür-ötür, apar-apardır, Bizim başımızda çatdadı çanaq.”
Yazıma mərhum Azərbaycan şairi Qasım Bəy Zakirin məşhur “Xəbər alsan bu vilanın əhvalın” şeiri ilə elə-belə başlamadım.
Bu COVID-19 adlı bəla ölkəmizə gələn gündən insanların başına gəlməyən haqq-hesab qalmadı. Maska cəriməsi toy cəriməsinə qarışanda heç nə demədik. “Qanun hamı üçün qanundur” deyib susduq. Amma ağzına qədər dolu olan restoranlardakı adam sıxlığını və McDonalds-larda adam əlindən tərpənməyin mümkün olmadığını görəndə susmaq istəmədik. Necə susasan axı? Susmaq hər şeylə razılaşmağın göstəricisidir. Mənsə bu COVID-19 həngaməsində hər şeylə razılaşmıram axı. Soruşacaqsınız ki, məsələn, nədir səni razı salmayan? Deyim də…
Elə biri dünən gördüklərim. Deməli, avqustun 26-da ərazi üzrə Yasamaldakı 3 saylı Poliklinikada dünən şahidi olduğum hay-küyü, söyüşü Allah heç düşmənə də nəsib etməsin. Səslərin ucalmasının səbəbi isə COVID-19-a qarşı peyvənd vurdurmağa gəlib saatlarla növbə gözləyən insanlara sistemin çökməsinin xəbər verilməsi idi.
Azərbaycanın gül kimi “görüş” sözünü bizə olan “sevgi”lərini 44 günlük Qarabağ müharibəsində əyani göstərən fransızların “randevu” sözü ilə əvəz edən TƏBİB-in randevu.its.gov.az-ından onlayn növbə götürüb poliklinikaya gələn insanları saatlarla gözlədəndən sonra “sistem çöküb” sözüylə insanların onsuz da kəllələrinə qalxan əsəblrini bir az da gərginləşdirmək nəyə xidmət edir görəsən? Sən demə, avqustun 26-da yalnız 3 saylı Poliklinika deyil, “Yeni Klinika”dan da vətəndaşları peyənd vurmadan yola salıblar ki, sistem işləmir.
Proses avqustun 27-də də davam edib. Tanışlardan biri Səbayel rayonundakı 33 saylı Poliklinikadan zəng vurub deyəndə ki, burada 1 saatdır gözləyirik və indi bizə sistemin çökdüyünü deyirlər, başa düşdüm ki, nə baş verirsə, ölkə üzrə baş verir. Bu, təkcə bir poliklinikanın məsələsi deyil.
Üz tutdum Səhiyyə Nazirliyinə. Axı neçə gündür Nazirlik, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birlikdə bəyanatları yayılır, vətəndaşları onlayn növbə götürməyə və peyvənd olunmağa səsləyirlər.
Səhiyyə Nazirliyinin rəsmisinə müraciətim bir neçə dəqiqənin içində cavablandı. Məlum oldu ki, sistemə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzarət edir. Agentliyin 15-42 saylı qaynar xəttinə düşənə mükafat verməyə hazıram. Mümkün deyil, heç cəhd eləməyin. Məcbur qalıb Agentliyin saytında elan olunan sosial şəbəkədəki səhifələrinə daxil oldum ki, bəlkə orada mesajıma cavab verələr – sistemin çökmə səbəbini izah edələr. Səhifəyə baxanda orada yazan insanların peyvənd vurdura bilməmələrindən tutmuş, randevu.its.gov.az-da Pfizer peyvəndinin ikinci dozası üçün oktyabra qədər yerlərin tutulduğunun yazıldığını oxudum.
Sosial şəbəkədə vətəndaşa cavab verən Agentlik poliklinikalarda yaranan problemlə bağlı TƏBİB-in 012-310-17-70 nömrəli telefon nömrəsi ilə əlaqə saxlamağı tövsiyə edir. Yenə də tənbəllik etməyib göstərilən nömrəyə zəng vurdum. Nömrə məşğul göstərirdi. Ümumiyyətlə qeyd edim ki, son bir neçə gün ərzində istər yerli poliklinikaların, istər TƏBİB-in, istərsə də Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin telefon nömrələrinə, qaynar xətlərinə düşmək qeyri-mümkündür. Yaxşı olmazmı ki, belə pik vaxtlarda vətəndaşlara xidmət göstərmək üçün bir deyil, bir neçə qaynar xətt aktiv fəaliyyət göstərsin? İnsanlar özləri ilə bağlı suallara cavab tapa bilmək üçün hara müraciət edəcəklərini bilmirlər. Çünki, yazılan telefon nömrələri formal xarakterlidir, ya da işləmir. Ona görə bu qənaətə gəlirəm ki, bir həftədir şəxsən əllərimdə olan ekzema xəstəliyi ilə bağlı allergiyanın dərəcəsini müəyyənləşdirmək üçün hara müraciət etməli olduğumla bağlı heç yerdən heç nə öyrənə bilmirəm. Axı allergiyası olanlara peyvənd vurdurmağı məsləhət görmürlər. Yaxşı, bu allergiyanı harada müəyyənləşdirək? Konkret bir ünvan varmı? Yoxsa kim harada gəldi analiz verib allergiyanın dərəcəsini təyin edən arayış təqdim etməlidir? Ümumiyyətlə, hansı xəstəliklərə görə peyvənd vurdurmaq olmaz? Bununla bağlı bir siyahı varmı? Bu suallarımız da cavabsız qalıb.
Yuxarıda göstərdim ki, Səhiyyə Nazirliyinin rəsmisinin diqqətinə poliklinikalardakı vəziyyəti çatdırıb bir maraqlanmağını xahiş etmişdim. Nəhayət ki, 10 dəqiqə sonra xəbər gəldi ki, 33 saylı Polilinikada sistem “işlədi”. Demək ki, bu ya qəsdən olunmuş işdir, yumşaq desək dövlətə qarşı sabotajdır, kimlərinsə bu işdə marağı var ki, vətəndaş-hökumət qarşıdurması yaratsın, ya da məsuliyyətsizlikdir. Ya zəlzələdən, ya vəlvələdən axır ki, çanaq biz sıravi vətəndaşların başında çatlayır. İşdən icazə alıb sağlamlığını qorumaq üçün, sağ qalmasını təmin etmək üçün xəstəxana və poliklinikalara gələn vətəndaşlar ya məqsədli, ya məqsədsiz – biz bunu dəqiq bilmirik – incidilirlər.
Əziz bayraqdar.info-nun oxucuları, bütün bu baş verənlərin sabotaj olmamasına, sırf məsuliyyətsizlikdən, qeyri-peşəkarlıqdan və səriştəsizlikdən irəli gələn məsələ olmasına ümid edirik. Və bütün baş verən problemlərin tezliklə həllini tapacağını hər üç adıçəkilən qurumdan gözləyirik.