Son yeniləmə: 27 Avqust 2021 12:10
Bayraqdar.info – Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bu ilki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.
“Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVİD-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var.
“Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və N.Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.
“100-dək yerli nəşriyyat-poliqrafiya müəssisəsinin, kitab evinin, müxtəlif kütləvi və universitet kitabxanalarının, həmçinin Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqların sərgi-yarmarkada iştirakı gözlənilir.
“Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla ödənişsiz təmin ediləcək. İştirakçıların və ziyarətçilərin sağlamlığının qorunması məqsədilə sərgi-yarmarkanın COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə tam uyğun təşkili planlaşdırılır. Sıxlığın yaranmaması üçün metronun müxtəlif stansiyalarının çıxışında ziyarətçiləri müəyyən fasilələrlə Bakı Ekspo Mərkəzinə daşıyan xüsusi avtobuslar ayrılacaq. Qeyd olunan tədbirlərlə bağlı əvvəlcədən mediada elanlar veriləcək.
“Kitab yarmarkasına iştirakçı və ya ziyarətçi qismində qatılmaq istəyənlər ətraflı məlumat əldə etmək üçün sərginin rəsmi veb-saytına, sosial media hesablarına daxil ola və yaxud telefon, e-poçt vasitəsilə müraciət edə bilərlər”, – deyə Nazirliyin xəbərində qeyd edilir.