Press "Enter" to skip to content

“ASAN müraciət”lə bağlı Sumqayıtda ictimaiyyət nümayəndələri ilə görüş

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “ASAN müraciət” informasiya sistemi ilə əlaqədar ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya avqustun 27-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, görüşdə Dövlət Agentliyinin və Şəhər İcra Hakimiyyətinin əməkdaşları, dövlət və özünüidarəetmə orqanlarının, özəl təşkilatların nümayəndələri və KİV iştirak edib.

Məqsəd “ASAN müraciət” informasiya sistemi barədə əhalinin məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə onların qarşılaşa biləcəyi problemin həllinə nail olmaqdır.

İştirakçılara informasiya sistemi çərçivəsində həyata keçirilən işlər, gələcək planlar barədə məlumat verilib, sonra bu istiqamətdə müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılması tapşırığı verilib.

Sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  tərəfindən  “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədi ilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.

“ASAN müraciət” informasiya sistemi yaxın zamanda bütün ölkə ərazisi üzrə tətbiq olunacaq.

“ASAN müraciət” informasiya sistemi ilə əlaqədar məlumatlılığın artırılması məqsədi ilə ictimaiyyət nümayəndələri ilə mütəmadi görüşlər və sosial şəbəkələr vasitəsi ilə məlumatlandırma təmin ediləcək.

Mission News Theme by Compete Themes.