Recep Tayyip Erdoğan: Heç kimin torpağında, suverenliyində, yeraltı və yerüstü sərvətlərində gözümüzün olmadığını həm sözlərimizlə, həm də əməllərimizlə sübut etdik.
Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə Ahlata gələn səfirlər üçün şam yeməyi verib. Ahlat Cümhurbaşqanlığı Küllüyəsində keçirilən mərasimdə çıxış edən R.T.Erdoğan maraqlı mesajları ilə yadda qalıb.
Türkiyə mediasının məlumatına görə, cənab Erdoğan Malazgirtin türk millətinin min ilə yaxındır ki, bu torpaqlarda var olmasının başlanğıc nöqtəsi olduğunu deyib. O, Böyük Səlcuqlu Sultanı Alparslanın özündən dörd qat çox olan Bizans ordusu üzərində qətiyyətli bir qələbə ilə 1071-ci ildə Anadolunun qapılarını bir daha bağlanmamaq üzrə açdığını bildirib.
Dəvəti qəbul etdikləri və bu həyəcanı paylaşdıqları üçün səfirlərə təşəkkür edən R.T.Erdoğan həm 950 il əvvəl yazılmış böyük bir qəhrəmanlıq dastanını anmaq, həm də türk millətinin sülh və dostluq mesajlarını səfirlər vasitəsilə bütün dünya ilə bölüşmək üçün toplandıqlarını bildirib.
Çıxışında Şeyx Edebalının Osman Qaziyə “Ey oğul insanı yaşat ki, dövlət yaşasın” məsləhətinin əsrlər boyu olduğu kimi bu gün də onlara yol göstərdiyini deyən Erdoğan daha sonra bildirib: “Təşəbbüskar və humanist xarici siyasətimizin təməl daşlarından biri bu miras qalan prinsiplərin yaşadılması və həyata keçirilməsidir”.
“Heç kimin torpağında, suverenliyində, yeraltı və yerüstü sərvətlərində gözümüzün olmadığını həm sözlərimizlə, həm də əməllərimizlə sübut etdik. Bölgəmizdə davam edən gərginliyi sülh yolu ilə həll etmək üçün bir çox ikitərəfli və çoxtərəfli addımlar atdıq” deyən Türkiyənin Cümhurbaşqanı Azərbaycanla bağlı da məqama toxunub: “Dağlıq Qarabağdakı işğalın sona çatması ilə bölgəmizdə davamlı sülh üçün yeni bir fürsət pəncərəsi açıldığını, Ermənistanın bunu dəyərləndirəcəyi təqdirdə bizim də lazım olanı edəcəyimizi bildirdik”.