Press "Enter" to skip to content

Ekspert: Əfqanıstan məsələsində Türkiyə və Azərbaycan kənarda qalmamalıdır

Faiq Ələkbərli

Bayraqdar.info – “Talibanın böyük ölçüdə Əfqanıstanda hakimiyyəti ələ keçirməsinin yalnız Orta Asiya bölgəsinə deyil, onun ətrafındakı digər regionlara da müəyyən təsiri olacaq. Görünən odur ki, vaxtilə Yaxın Şərqdə özündən söz etdirən, hətta Suriya və İraqın xeyli qismində hökm sürən İŞİD kimi Talibandan da istifadə etməyə çalışan dövlətlər var. Üstəlik, Talibanın İŞİD-dən əsas bir fərqi də var ki, onlar az qala yarım əsrdir mövcuddurlar və bəzi dövlətlər tərəfindən qanuni hakimiyyət kimi tanınmaq şansları çoxdur.”

Bu fikirləri, Əfqanıstanda hakimiyyəti əsasən ələ keçirən Talibanın bölgə dövlətlərinə nə dərəcədə təhlükə yarada biləcəyini izah edən Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, siyasi analitik Faiq Ələkbərli irəli sürüb.

Ekspertin sözlərinə görə, dünənə qədər terrorçuluq məsələsi baxımından İŞİD-dən çox da fərqləndirilməyən Talibana münasibətdə birdən-birə ABŞ başda olmaqla bir çox dövlətlərin mövqe dəyişdirməsi göründüyü kimi deyil.

F.Ələkbərliyə görə, ABŞ maraqlarının üstündən heç bir anlamı olmadan əl çəkəcək bir dövlət deyil: “Müvəqqəti bir dövr üçün də olsa Talibanın güclü bir hala gətirilməsi ABŞ və bəzi Qərb ölkələri üçün lazımdır. Bizcə, İŞİD-dən sonra radikal şəriət tərəfdarı olan Talibanın gücləndirilməsi təsadüfi deyil. Tam əksinə, islam dininə əsaslanan qatı şəriət tərəfdarı Talibanın daha güclü bir formada olması Orta və Ön Asiyada ciddi dəyişikliklərin olmasından xəbər verir. Bəziləri hesab edirlər ki, ABŞ Talibandan Çinə və İrana qarşı istifadə etməyə çalışacaq. Bəs Rusiya və Çin bu zaman boşmu dayanacaq? Əsla! Üstəlik, İranın da özü sözdə şəriət tərəfdarı olduğu üçün Talibandan istifadə etməyə çalışacaq”.

Siyasi analitikə gorə, Taliban məsələsi bir müddət ona görə gündəmdə olacaq ki, hər bir super dövlət öz maraqlarını gücləndirmək üçün əlindən gələni edəcəkdir.

F.Ələkbərliyə görə, Əfqanıstan Orta Asiya türk dövlətləri ilə qonşu olduğu üçün bu, bizləri də çox maraqlandıran məsələdir: “Digər tərəfdən Əfqanıstanın böyük bir bölümü Güney Türküstandlr və bu bölgədə Azərbaycan türkləri olan Əfşarlar da yaşayırlar. Bu baxımdan Türkiyə və Azərbaycan olaraq Əfqanıstanın bu günü və gələcəyi bizlər üçün də olduqca maraqlıdır.

“Bəziləri hesab edirdilər ki, ordakı Azərbaycan türklərini Azərbaycan Respublikasına gətirmək lazımdır. Əlbəttə, bəzi əlsiz- ayaqsızlara, yardıma ehtiyacı olanlara bunu etmək olar. Ancaq onların kütləvi bir şəkildə Azərbaycana gətirilməsindən çox Əfqanıstanda qalıb dəstəklənməsi və gücləndirilməsi lazımdır. Bu işdə Türkiyə və Azərbaycan birgə hərəkət etməlidir.

“Ümumiyyətlə, bizlər üçün türk birliyinin yaranması yolunda Əfqanıstanın gələcəyi və buradakı türklərin varlığı çox önəmlidir. Ona görə də, Taliban məsələsinin gündəmdə olduğu müddətdə Azərbaycan və Türkiyə olaraq birgə hərəkət etməyimiz çox önəmlidir. Ümid edirəm ki, bu bölgənin taleyinin yenidən formalaşdırılmasında Türkiyə və Azərbaycan çox ağıllı gedişlər edəcək. Onsuz da Taliban müvəqqəti olaraq önə çıxıb və onlardan sonra Əfqanıstanda yeni bir demokratik hakimiyyətin formalaşmasında Türkiyə və Azərbaycan mühüm rol oynaya bilər”.

Mission News Theme by Compete Themes.