Press "Enter" to skip to content

Bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

Bayraqdar.info – Bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya avqustun 26-da Dövlət Xidmətindən məlumat verilib: “Aparılan təhlillər göstərir ki, rast gəlinən ciddi nöqsanlardan biri də bazarda hökmran mövqe tutan sahibkarların kontragentə sərfəli olmayan şərtləri məcburi qəbul etdirməsi və topdansatış zamanı alıcılar arasında bərabər şəraitin yaradılmamasıdır. Bu cür hallar isə rəqabətin məhdudlaşdırılmasına, digər sahibkarların və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxara bilər”.

Qeyd edilir ki, bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə “Norm” ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib. ASC isə Dövlət Xidmətinin göstərişlərinə dərhal reaksiya verərək həmin sahədə seçim hüququnun məhdudlaşdırılması elementlərini tədricən aradan qaldırıb.

ASC-nin Dövlət Xidmətinə ünvanladığı müraciətində şirkətin tərəfdaşları ilə bağladığı müqavilədə qanunazidd bəndlərin dəyişdirildiyi və gələcəkdə bu cür hallara yol verilməməsi üçün müvafiq tədbirlərin görüləcəyi vurğulanıb: “Bununla yanaşı, sementin topdan satışı zamanı bazar iştirakçıları üçün bərabər seçim hüququnun təmin edilməsi, digər sahibkarlar və istehlakçıların mənafeyinin qorunması məqsədilə satış şərtləri və digər aidiyyatı məlumatlar şirkətin rəsmi internet səhifəsinə yerləşdirilib və bu istiqamətdə müraciət mexanizminin asanlaşdırılması məqsədilə xüsusi bölmə yaradılıb”.

Vurğulanıb ki, Dövlət Xidməti bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Mission News Theme by Compete Themes.